Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın avtomobil bazarına yeni «Chevrolet Cobalt» modeli gətirilib.
«APA-Economics»in məlumatına görə, sözügedən avtomobil modelinin rəsmi təqdimatı ötən ilin dekabr ayının sonunda keçirilib. ABŞ-ın «General Motors» şirkətinin yeni modeli Latın Amerikası, Çin, Yaxın Şərq, Afrika, Rusiya və MDB ölkələri üçün istehsal olunub. «Cobalt»ın istehsalı isə «General Motors»un Özbəkistanda yerləşən «UzAutoSanoat» müəssisəsində həyata keçirilir. Sözügedən avtomobil modeli MDB məkanı üçün yeni olsa da, ABŞ-da «Cobalt» 2011-ci ilin ikinci yarısından satışa çıxarılıb. «Cobalt» modeli istehsalı 2012-ci ilin dekabr ayında dayandırılan «Chevrolet Lacetti»ni əvəz edib.
Qeyd edək ki, «Chevrolet Cobalt»ın uzunluğu 4 479 mm, hündürlüyü 1 514 mm, eni isə 1 735 mm təşkil edir. Rusiya, Ukrayna və digər MDB ölkələrində «Cobalt» modeli 1,5 litrlik benzin mühərriki (105 at gücü), avtomat və mexaniki sürət ötürmə qutusu ilə təqdim olunur. Artıq ötən gündən etibarən yeni model satışa çıxarılıb. «Cobalt»ın avtomat sürət ötürmə qutusu versiyası 13,8 min manat, mexaniki sürət ötürmə qutusu versiyası isə 12,8 min manat qiyməti ilə satılır.
Xatırladaq ki, «Chevrolet»in Azərbaycanda rəsmi distribyutoru «Performance Center» şirkətidir.