Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda maşın və avadanlıqların, nəqliyyat vasitələri, avtomobil və qoşquların istehsalı sahəsində məhsul istehsalının həcmi 137,2 mln. manat təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, 2011-ci ilin ilk 11 ayına nisbətən sözügedən sahədə istehsalın həcmi 11,6% azalıb.
Hesabat dövründə ölkədə 138 ədəd yük avtomobili, 472 ədəd minik avtomobili, 602 ədəd traktor və s. məhsullar istehsal edilib. Əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə hesabat dövründə yük avtomobillərinin həcmi 5 dəfə azalıb, mini avtomobillərinin həcmi isə 13% artıb.
Qeyd edək ki, ötən ilin dekabrın 1-nə istehsalçı müəssisələrin anbarlarında 30,8 mln. manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 11,2%-i qədər hazır məhsul ehtiyatı qalıb.