«APA-Economics»in məlumatına görə, dekabrın 5-dək davam edəcək tədbirin əsas təşkilatçısı qismində «Iteca Caspian» şirkəti çıxış edir.
«Baku Expo Center»də keçirilən «Bakutel-2013»ün sərgi meydançası 35% genişlənib və burada 28 ölkədən 300 şirkət iştirak edir. Bu il 15 ölkə milli pavilyonu ilə sərgidə İKT sahəsində Azərbaycan və bütün Xəzər regionu üçün innovativ proqramların, məhsul və xidmətlərin təqdimatını keçirəcək. İlk dəfə olaraq «Bakutel»də Əfqanıstan, İtaliya və ABŞ-ın milli qrupları iştirak edir. Sərginin yenilikləri sırasına milli pavilyonlar, «start-up»ların təmsil olunması daxildir. Həmçinin, innovativ inkişafı təmin etmək üçün yeni texnologiyalar parkı təmsil edilib.
Azərbaycan prezidenti İlham Əliyev də «Baku Expo Center»ə gəlib və hazırda dövlət başçısı sərgidəki stendlərlə tanış olur.
Tədbir çərçivəsində kibertəhülkəsizlik üzrə beynəlxalq konfrans da keçiriləcək. Beynəlxalq Telekommunikasiya İttifaqının dəstəyi ilə keçiriləcək bu konfrans zamanı ölkələr arasında bu sahədə əməkdaşlıq, problemlər və perspektivlər mövzusunda müzakirələr aparılacaq. Tədbirə müxtəlif ölkələrin rabitə və informasiya texnologiyaları nazirləri qatılacaq.
«Bakutel-2013» çərçivəsində keçiriləcək digər tədbir MDB və region dövlətlərinin Regional Rabitə Birliyinin (RRB) Rabitə Administrasiyaları Başçılarının toplantısı olacaq ki, burada teleradioyayımın 694-790 MHz tezliklərinin gələcəkdə istifadə perspektivləri mövzusu müzakirə olunacaq.
Bundan başqa, Azərbaycanda ilk dəfə regional internetin idarəçilik forumu keçiriləcək və bu tədbirə xaricdən qonaqların qatılacağı gözlənilir.
Həmçinin, «Bakutel-2013» çərçivəsində biznes əlaqələrə dair ikitərəfli forum və dəyirmi masaların təşkili nəzərdə tutulub. Bunların sırasında Azərbaycan-ABŞ İKT forumu, Azərbaycan və İtaliya arasında «b2b» tədbiri, eləcə də Cənubi Koreyanın İnformasiya və Təhlükəsizlik Agentliyi ilə növbəti dəyirmi masa keçiriləcək.