Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı Metropoliteninin yaxın 20 il ərzində 5 xətdən ibarət olacaq – 2 mövcud və 3 yeni əlavə xəttin ümumi uzunluğu 119 km, stansiyaların sayı isə 76 olacaq. «APA-Economics»in məlumatına görə, bu barədə Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bildirib.
Onun sözlərinə görə, hazırda Bakı Metropoliteni yeni stansiyaların inşasını fəal sürətdə həyata keçirir: «Son 3 il ərzində «Nəsimi», «Azadlıq prospekti» və «Dərnəgül» kimi üç yeni stansiya istismara verilib. Hazırda metropoliten 2 xətdən ibarətdir ki, bunların da istismar uzunluğu 34,5 km, mövcud stansiyaların sayı isə 23-dür. Stansiyalardan yeddisi dərinözüllü, qalanları isə dayazözüllüdür. Minimum hərəkət intervalı 120 saniyə olmaqla, maksimum hərəkət ölçüləri saatda 30 cüt qatardır. Metropolitendə 52 eskalator işə salınıb. Tunel tikililərinin ümumi uzunluğu 91,36 km-dir. 5 dartı, 11 birləşmiş-dartı və 14 azaldıcı yarımstansiyalar təxminən 3 min km-lik uzunluqda kabel xətləri ilə Bakı Metropolitenini fasiləsiz sürətdə elektrik enerjisi ilə təchiz edir. 43 ventilyasiya şaxtası və 82 baş havadəyişmə ventilyatoru metroya təmiz havanın daxil olmasını və işlənilmiş havanın kənarlaşdırılmasını təmin edir».
T.Əhmədov onu da bildirib ki, Bakı Metropoliteni 12 xidmətdən və bölmədən ibarətdir. Müəssisənin yalnız bir elektrik deposu var. Hazırda ikinci elektrik deposunun və yeni stansiyanın layihələndirilməsi və tikintisi ilə bağlı hazırlıq işləri gedir ki, bu da şəhərlərarası avtovağzalı şəhərin digər hissələri ilə birləşdirəcək.
«Yaxın 20 il ərzində Bakı Metropoliteni 5 xətdən ibarət olacaq – 2 mövcud və 3 yeni əlavə xəttin ümumi uzunluğu 119 km, stansiyaların sayı isə 76 olacaq. Yəni, perspektivdə 53 yeni stansiyanın və 84,4 km metro xətlərinin inşası nəzərdə tutulur. Bundan başqa, təqdim olunan variantda yeni stansiyaların tikintisi zamanı sərnişin nəqliyyatının digər növləri ilə çoxfunksiyalı nəqliyyat kompleksi ilə inteqrasiya və əlaqələndirmə məsələləri də nəzərə alınacaq. Yeni metro xətlərində stansiyaların uzunluğu 140 metrə çatacaq ki, bu da həmin xətlərdə hərəkət edən qatarların 5 əvəzinə 7 vaqondan ibarət olmasından irəli gəlir. Eyni zamanda yeni stansiyaların tikintisi ilə birlikdə sərnişin axınının çoxluğu ilə fərqlənən və şəhərin mərkəzi hissəsində yerləşən mövcud dərinözüllü stansiyanın da qlobal sürətdə yenidən qurulması nəzərdə tutulur. Yenidənqurmanın gedişində onların bir çoxunda ikinci çıxışların inşası da nəzərdə tutulub», - deyə metropoliten rəisi bildirib.
Hərəkət təhlükəsizliyini təmin etməklə hər saatda 11 700-dən artıq sərnişin daşımağa imkan verir.
T.Əhmədovun sözlərinə görə, yenidənqurma işləri bundan sonra da davam etdiriləcək. Metro stansiyalarının inşası sahəsində ən yeni işləmələrə müvafiq surətdə stansiyanın həm yerüstü vestibülün, həm də yeraltı yollarının görkəmi tamamilə dəyişdiriləcək. «Elmlər Akademiyası» stansiyasının ikinci çıxışının inşası başlanılıb ki, bu da stansiyanın hərəkət yükünü azaltmağa, sərnişinlərdən ötrü daha çox rahatlıq yaratmağa imkan verəcək. Belə ki, bu stansiyanın ikinci çıxışı əsasən tələbə şəhərciyi ilə bağlıdır.
«Hazırda Bakı Metropoliteninin tədricən dünya standartları səviyyəsinə çatdırmaq, müxtəlif köhnəlmiş qurğuları, maşınları, mexanizmləri və digər avadanlıqları yeniləri ilə əvəz etmək, elmi-texniki tərəqqinin ən son nailiyyətlərini istehsalata tətbiq etmək Bakı Metropoliteninin fəaliyyətinin həlledici amillərindən biri olaraq qalmaqdadır», - deyə T.Əhmədov əlavə edib.