Bu ilin birinci yarısında Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin həcmi 691,2 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni göstəricisini 10,6% üstələyir.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.
Yanvar-iyun aylarında Azərbaycan Gürcüstanın ümumi ticarət dövriyyəsində 5,3% payla qonşu ölkənin əsas ticarət tərəfdaşları arasında Türkiyə, Rusiya, Çin və ABŞ-dan sonra beçinci olub.
Gürcüstandan Azərbaycana 335,8 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib, bu isə ötən ilə nisbətdə 1,8% azdır. Azərbaycan Gürcüstanın ixracında 8,7% payla qonşu ölkənin əsas ixrac tərəfdaşları arasında Qırğızıstan və Çindən sonra üçüncü yeri tutub.
Gürcüstanın Azərbaycandan tədarük etdiyi məhsulların dəyəri isə illik müqayisədə 25% artaraq 355,2 milyon ABŞ dollarına bərabər olub. Azərbaycan 3,9% payla Gürcüstanın əsas idxal tərəfdaşları sırasında Türkiyə, Rusiya, Çin, ABŞ və Almaniyadan sonra altıncı yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstanın xarici ticarət dövriyyəsinin ümumi həcmi 12,9 milyard ABŞ dollarına bərabər olub. Ticarət dövriyyəsinin 3,87 milyard dollarını ixrac olunmuş məhsulların, 9,05 milyard dollarını isə idxal məhsullarının dəyəri təşkil edib.