Bunu Azərbaycan prezidenti İlham Əliyev Balaxanıda Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun açılış mərasimində çıxışında deyib.
Zavodun tikintisində Fransanın böyük təcrübəyə malik olan “Cnim” şirkətinə minnətdarlıq edən dövlət başçısı bu şirkətlə əməkdaşlığın bundan sonra da davam edəcəyini bildirib: “Çünki 20 il ərzində zavodun idarə edilməsi “Cnim” şirkətinə həvalə edilib. Mən çox şadam ki, Fransanın böyük şirkəti olan “Cnim” ilə Azərbaycan arasında belə işgüzar münasibətlər qurulub. Mən bu ilin sentyabrında Fransanın aparıcı şirkətləri ilə “Medef”də görüşdə bir daha gördüm ki, Azərbaycanla əməkdaşlıq etmək, biznes əlaqələrini genişləndirmək üçün hər iki tərəfdə böyük maraq var və böyük imkanlar açılır. Fransa şirkətləri uzun illərdir, Azərbaycanda uğurla fəaliyyət göstərir. İstər energetika, istərsə də qeyri-neft, tikinti, nəqliyyat sektorlarında, kosmik sənaye müəssisələrinin inkişafında bizə kömək edirlər. Bu böyük investisiya tutumlu müəssisənin yaradılması da Fransa şirkəti tərəfindən icra edilib”.
Prezident zavodun tikintisinə böyük ehtiyac olduğunu diqqətə çatdırıb: “Çünki bu ərazi ekoloji fəlakət zonası idi. Bakı sakinləri yaxşı bilirlər ki, uzun onilliklər ərzində bu bölgədə yığılan tullantılar faktiki olaraq şəhərimizin ekoloji vəziyyətinə çox böyük zərbə vurub. Məişət tullantılarının burada yığılması və bir çox hallarda yandırılması ekoloji vəziyyəti daha da gərginləşdirirdi. Bu ərazinin üzərində daim tüstü buludları var idi. Bu tüstü Bakını bürüyürdü, bunun insanların sağlamlığına, şəhərimizin ekoloji vəziyyətinə çox mənfi təsiri olub. Bir neçə il əvvəl bütövlükdə Bakının və Abşeron yarımadasının ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün kompleks tədbirlər görülməyə başlanıb və onların içərisində bu zavodun tikintisi xüsusi yer tutub. Azərbaycan dövləti bu istiqamətdə öz siyasətini davam etdirir. Çünki bizim üçün insanların sağlamlığı hər şeydən üstündür.
İnsanların sağlamlığının təmin edilməsi üçün kompleks tədbirlər görülür. Son illər ərzində Azərbaycanda, xüsusilə Bakıda ağacəkmə kampaniyası geniş vüsət alıb. Artıq bu, kampaniya deyil, dövlət siyasətidir. On milyondan çox ağac əkilib”.
Bakının və bütün şəhərlərin təmiz içməli su ilə təmin edilməsi üçün konkret layihələr icra edildiyini deyən dövlət başçısı bu layihələrin mütləq əksəriyyətinin gələn ilin sonuna qədər başa çatacağını vurğulayıb: “Beləliklə, hər bir şəhərdə, hər bir rayon mərkəzində əhali keyfiyyətli, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun olan içməli su ilə təmin ediləcək ki, bu da tarixi nailiyyət olacaq. İki il əvvəl Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara verilməsi ilə Bakı şəhərində içməli su ilə təminat böyük dərəcədə yaxşılaşdırılıb və bu istiqamətdə əlavə tədbirlər görülür. Tədbirlər nəticəsində vəziyyət daha da yaxşılaşacaq. Yəni, bu zavodun tikintisi böyük siyasi istiqamətin, eyni zamanda, sosial istiqamətin tərkib hissəsidir. Bu zavodda Avropada mövcud olan ən sərt ekoloji normalar, meyarlar tətbiq edilir. Bu zavod ekoloji cəhətdən demək olar ki, dünya miqyasında ən öncül yerlərdədir. Eyni zamanda, burada ən müasir texnoloji proses də yaradılıb. Texnoloji cəhətdən yüksək avadanlıq gətirilib, quraşdırılıb və bu proses demək olar ki, tam şəkildə avtomatlaşdırılıb.
Zavodun istismara düşməsi və daha əvvəl tikilməsi nəticəsində müəssisənin ətrafında digər obyektlərin yaradılması üçün konkret tədbirlər görülüb. Buraya gəlməzdən əvvəl mən yaxınlıqda yerləşən çeşidləmə zavodunun fəaliyyəti ilə tanış olmuşam. Məhz “Cnim” tərəfindən tikilmiş bu müəssisənin nəticəsi olan çeşidləmə zavodu da mühüm funksiya daşıyır. Eyni zamanda, zavodun tikintisi dövründə belə bir fikir yarandı, təşəbbüs irəli sürüldü ki, Balaxanıda texnologiya parkı yaradılsın və bu gün o texnologiya parkının təməl daşı qoyulacaq. Yəni, gözəl bir təşəbbüsün görün nə qədər böyük təsiri var və burada yüzlərlə iş yeri açılıb. Burada işləyən işçilərin əksəriyyəti yerli vətəndaşdır və getdikcə yerli kadrların sayı artacaq. Onlar yüksək maaş alırlar. Yəni, bu zavodun tikintisi kompleks tədbirlərin görülməsində bizə kömək göstərir. Onu da qeyd etmək istəyirəm ki, zavodun tikintisi ilə bağlı Balaxanıda sosial layihə də həyata keçirilir. Balaxanı qəsəbəsinin içməli su ilə təchizatı üçün yeni layihə icra edilməyə başlanıb və yaxın zamanlarda başa çatacaq. Bu layihənin dəyəri təqribən 10 milyon manat ətrafındadır. Bu layihə onu göstərir ki, biz məsələlərə kompleks şəkildə yanaşırıq, qarşıya qoyulan hədəfə uğurla çatırıq.
Mən əminəm ki, uzun illər bundan sonra zavod səmərəli şəkildə fəaliyyət göstərəcək. Zavodun istehsal gücü 500 min tondur. Bakı şəhərində bəzi məlumatlara görə, daha çox məişət tullantıları yığılır və istisna edilmir ki, gələcəkdə zavodun sahəsi genişlənə bilər. Buna imkan da var. Bundan sonra əsas məsələ ondan ibarətdir ki, məişət tullantılarının yığılması, çeşidlənməsi, yandırılması və təkrar emala verilməsi prosesini biz bir-biri ilə uzlaşdıraq. Hazırda biz məsələnin son mərhələsini həll etdik. Çeşidləmə, yandırma, təkrar emal. Amma bu prosesin ilkin mərhələsi hələ ki, bizim tələblərimizə cavab vermir. Ona görə mən həm İqtisadi İnkişaf Nazirliyinə, həm Bakı Şəhər İcra Hakimiyyətinə tapşırıq verirəm ki, yaxın zamanlarda təkliflər hazırlansın. Evdən çıxan tullantının idarə olunması, daşınması, yığılması və buraya gətirilməsi, yandırılması bir proses kimi təşkil edilməlidir ki, biz Bakıda bu məsələni birdəfəlik həll edək və bu təcrübə ondan sonra başqa şəhərlərdə də tətbiq edilməlidir.
Zavodda 37 meqavat gücündə elektrik stansiyası da fəaliyyət göstərir. Bu da çox gözəl hadisədir. Bir neçə meqavat zavodun fəaliyyəti üçün sərf olunacaq, qalan 33 meqavat isə şəhər şəbəkəsinə veriləcək ki, bu da bizim enerji balansımızın bərpa olunan enerji ilə daha çox təmin edilməsi üçün vacibdir. Bilirsiniz ki, bizim zəngin neft-qaz yataqlarımız var. Bizim qazımız 100 il bundan sonrakı dövr üçün bizə və xarici istehlakçılara çatacaq. Buna baxmayaraq, biz bərpa olunan enerji növlərinin yaradılması ilə məşğuluq. Bu yaxınlarda Füzulidə 25 meqavat gücündə Su Elektrik Stansiyasının tikintisi başa çatıb. Bu elektrik stansiyasının tikintisi əlbəttə ki, bərpa olunan enerji növlərinin yaradılması işində çox gözəl hadisədir.
Eyni zamanda, bir daha demək istəyirəm ki, burada bütün beynəlxalq ekoloji normalar da nəzərdə tutulur. Beləliklə, bu zavodun istismara verilməsi nəticəsində Azərbaycan qlobal ekoloji məsələlərin həllinə kiçik də olsa, öz töhfəsini vermiş olur. Bu gün, eyni zamanda, Balaxanı texnologiya parkının təməl daşı qoyulacaq.
Bu istiqamətdə kompleks tədbirlər görülür. Texnologiya parklarının bundan sonrakı uğurlu fəaliyyəti üçün əlavə tədbirlər paketi hazırlanır. Bu məsələnin qanunvericilik bazası hazırlanır və yaxın zamanlarda dövlət texnoloji parkların daha səmərəli fəaliyyət göstərməsi üçün əlavə güzəştlər paketi təklif edəcək. Beləliklə, bir neçə yerdə - Sumqayıtda, Balaxanıda, Qaradağ rayonunda və digər yerlərdə böyük sənaye kompleksləri yaradılacaq.
Texnologiya parklarının ixtisaslaşması prosesi də artıq müəyyən edilib - yüksək Texnologiya Parkı, Kimya Texnologiya Parkı və Balaxanı Texnologiya Parkı. Hər biri öz sahəsini əhatə edir və bu parklarda yeni yaradılacaq müəssisələr ölkəmizin sənaye potensialının güclənməsinə xidmət göstərəcək. Çünki bir neçə dəfə qeyd etdiyim kimi, əsas məqsədimiz sənaye istehsalını artırmaq, neft amilindən asılılığı azaltmaq və qeyri-neft sektorunu inkişaf etdirməkdir. Bu istiqamətdə böyük nailiyyətlər əldə edilib. Bu ilin yekunları onu göstərir. Hələ ki, dəqiq rəqəm yoxdur, ancaq ilkin rəqəm onu göstərir ki, qeyri-neft iqtisadiyyatımız təxminən 10 faiz artıb, qeyri-neft sənayemiz təqribən 7-8 faiz arta bilər. Bu, əvvəlki dövrdə sənayeləşmə istiqamətində görülmüş tədbirlər nəticəsində mümkün olub.
Bu zavodun və digər yeni böyük və kiçik müəssisələrin yaradılması nəticəsində biz uzunmüddətli dayanıqlı iqtisadi inkişafı təmin edəcəyik. Əlbəttə, enerji resursları bizə ilkin kapitalın yaradılmasında kömək göstərib. Ancaq biz iqtisadi siyasətimizi elə aparmalıyıq ki, sanki bizdə neft, qaz yoxdur. Yalnız iqtisadi inkişaf, islahatlar, texnoloji prosesin təkmilləşməsi, müasir texnologiyaların gətirilməsi, investorlar üçün yaxşı investisiya şəraitinin yaradılması və xarici aparıcı şirkətlərlə uğurlu əməkdaşlığımız qarşıya qoyduğumuz məqsədlərə çatmaq üçün bizə kömək göstərəcək.
Qeyd etmək istəyirəm ki, son illər ərzində mən bir çox açılışda iştirak etmişəm. Yüzlərlə, bəlkə də daha da çox, indi onları saymaq üçün çox vaxt lazım olacaq. Ancaq onların içində bu zavodun fəaliyyətə başlaması xüsusi yer tutur. Çünki bu zavoda qoyulan vəsait qeyri-neft sektoruna dövlət tərəfindən qoyulan ən böyük investisiyalardan biridir. Bu zavodun fəaliyyəti nəticəsində Bakının ekoloji vəziyyəti böyük dərəcədə yaxşılaşdırılacaq. İnsanların sağlamlığına çox böyük töhfə olacaq. Xarici əməkdaşlıq baxımından bu zavod da çox böyük əhəmiyyətə malikdir. Bir daha qeyd etmək istəyirəm ki, bu sahədə aparıcı şirkət olan “Cnim” şirkəti ilə biz uzunmüddətli əməkdaşlığa başlamışıq. Eyni zamanda, bu zavod Azərbaycan dövlətinin sosial siyasətini açıq-aydın göstərir. Bu sosial siyasəti bundan sonra da uğurla aparmaq üçün bizim iqtisadi gücümüz olmalıdır. Çünki mən qeyd etdim, həm İslam İnkişaf Bankı öz maliyyə dəstəyini, Dünya Bankı öz tövsiyələrini verdi, ancaq əsas maliyyə yükü Azərbaycan büdcəsinin üzərinə düşüb. Yəni, iqtisadi inkişaf elə olmalıdır ki, bundan sonrakı illərdə də biz sosial məsələlərin həllinə bax belə böyük dəstəyi verə bilək”.