Bakı – APA-Economics. Azərbaycan prezidenti İlham Əliyevin yanvarın 23-də Davosda ABŞ-ın qlobal layihələr üzrə tanınmış konsaltinq şirkəti “Booz&SO”nun baş icraçı direktoru Çeraze Maynardi ilə görüşü olub.
“APA-Economics”in məlumatına görə, Ç. Maynardi Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafının dövlət tərəfindən dəstəklənməsini yüksək qiymətləndirib, Azərbaycanda həyata keçirilən genişzolaqlı internet strategiyası və yüksək texnologiyalar parkının yaradılması ilə bağlı layihələrin əhəmiyyətini vurğulayıb, bu sahədə artıq işlərin başlanmasından məmnunluğunu bildirib.
Öz növbəsində, prezident İ. Əliyev Azərbaycanda neftdən əldə olunan gəlirlərin bir hissəsinin yüksək texnologiyaların inkişafına yönəldildiyini vurğulayaraq, informasiya-kommunikasiya texnologiyaları sahəsində özəl sektorun iştirakının daha da genişləndirilməsinin önəmini qeyd edib.