Bakı - APA-Economics. Azərbaycan prezidenti İlham Əliyevin yanvarın 23-də Davosda ABŞ-ın qlobal layihələrinin idarəçiliyi üzrə tanınmış konsaltinq şirkəti “McKinsey&Company”nin rəhbəri Dominik Bartonla görüşü olub.
“APA-Economics”in məlumatına görə, D. Barton Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində mühüm layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildirib, son vaxtlar Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı üçün yaradılmış şəraitin ölkədə bu sahədə layihələrin həyata keçirilməsində xarici investorların diqqətini cəlb etdiyini vurğulayıb.
Öz növbəsində, prezident İ. Əliyev informasiya-kommunikasiya texnologiyalarının genişləndirilməsində elm və təhsil sahələrinin inkişafının da vacib olduğunu və Azərbaycanda bu işə diqqətin artdığını deyib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan dünyanın bu sahədə tanınmış müxtəlif şirkətləri ilə əməkdaşlıq etməkdə maraqlıdır.