Bank Of Baku

Azərbaycan prezidenti İlham Əliyev: «İnfrastruktur layihələrinin əsas hissəsi ilin sonuna qədər başa çatmalıdır»

Azərbaycan prezidenti İlham Əliyev: «İnfrastruktur layihələrinin əsas hissəsi ilin sonuna qədər başa çatmalıdır»
# 16 yanvar 2013 07:49 (UTC +04:00)

 APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev yanvarın 15-də Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yekun nitqində deyib.

 

Dövlət başçısı qeyd edib ki, müstəqil Azərbaycan dövlətinin tarixində 2013-cü ilin büdcəsi ən böyük büdcədir: «Dövlət büdcəsinin xərcləri təxminən 20 mlrd. manat səviyyəsindədir. Bu vəsait bizə imkan verəcək ki, ölkə qarşısında duran əsas infrastruktur layihələrini başa çatdıraq. Düşünülmüş siyasət, eyni zamanda, planlı addımlar məhz ona hesablanıb ki, bütün infrastruktur layihələri bu ilin sonuna qədər başa çatsın. Bu layihələrin bəziləri əvvəlki illərdə, bəziləri keçən il başlanıb. Ancaq bu layihələrin icra edilməsi nəticəsində ölkənin bütün infrastrukturu  yeniləşəcək. Biz elə etməliyik ki, gələn ildən başlayaraq bizim infrastruktur sahəsində heç bir çatışmazlıq olmasın».

 

Dövlət başçısı infrastruktur layihələri arasında prioritetləri qeyd edib: «Bu prioritetlər artıq neçə ildir ki, Dövlət İnvestisiya Proqramında əksini tapır. Dövlət investisiyaları, əlbəttə, infrastruktur layihələrinin təkmilləşməsinə xidmət göstərir. Ancaq eyni zamanda, biz görürük ki, dövlət investisiyaları özəl sektordakı vəziyyətə canlanma gətirir. Özəl investisiyalar da böyük həcmdə gözlənilir».

 

Prezident xatırladıb ki, 2012-ci ildə Azərbaycana tarixdə ən böyük, 22 mlrd. dollardan çox investisiyalar qoyulub: «Hesab etmək olar ki, bu səviyyə bu il də qorunub saxlanılacaq. Beləliklə, həm dövlət, həm yerli və xarici özəl şirkətlər tərəfindən qoyulacaq sərmayə ölkəmizi daha da möhkəmləndirəcək».


Prioritetlərə gəldikdə, dövlət başçısı bildirib ki, infrastruktur layihələr ardıcıllıqla icra edilməyə başlanılıb: «Səylər, ilk növbədə, ölkənin enerji potensialının yaradılmasına yönəlib. Son illər ərzində 1500 MVt gücündə yeni elektrik stansiyaları fəaliyyətə başlayıb. Azərbaycan öz enerjisini qonşu ölkələrə də ixrac edir. Bu il «Cənub» elektrik stansiyasının işə düşməsi, - bu da təqribən 800 MVt gücünə yaxın olan bir stansiyadır, - ölkənin bu sahədəki vəziyyətini daha da yaxşılaşdıracaq».

 

Prezident İlham Əliyev «Şimal-2» elektrik stansiyasının tikintisinin davam etdiyini vurğulayıb: «O da təqribən 400 MVt-a yaxın əlavə gücün yaradılmasına xidmət göstərəcək».


Dövlət başçısı istehlakın ildən-ilə artığını nəzərə çatdırıb: «Əgər əvvəlki dövrdə qışla yay arasında fərq var idisə, qışda daha çox enerji istehlak olurdu, yayda daha az. Artıq bu fərq də aradan götürülüb. Bunun da başlıca səbəbi ondan ibarətdir ki, insanların yaşayış səviyyəsi artır. İndi yayda kondisionerlərdən daha çox istifadə olunur. Əvvəlki illərdə bu, belə deyildi. Tələbat, əhali, iqtisadiyyat artır. Biz elə etməliyik ki, generasiya güclərimiz tələbatdan daim çox olsun. Amma xətlərdə hələ ki, problemlər var. Xətlərin yenilənməsi istiqamətində bu ilin investisiya proqramında vəsait nəzərdə tutulub. Bu işlər vaxtında icra edilməlidir».


Prezident bildirib ki, keçən il Füzuli Su Elektrik Stansiyasının işə düşməsi bu sahədə böyük addım olub: «Bu, 25 MVt gücündə bir stansiyadır. Kiçik çaylarda 1, 2, 3, 5 MVt gücündə stansiyaların tikintisi davam edir. Biz su mənbələrimizi maksimum dərəcədə bu işlərə cəlb etməliyik ki, bərpa olunan enerji növləri ümumi enerji balansımızda artsın».

 

Dövlət başçısı infrastruktur layihələri arasında qazlaşdırma layihələrinin də çox mühüm əhəmiyyət daşıdığını qeyd edib: «Bu ilin investisiya proqramında da bu məqsədlər üçün vəsait nəzərdə tutulur. Hesab edirəm ki, bu ilin sonuna qədər ölkəmizin ümumi qazlaşdırma səviyyəsi 90%-ə çata bilər. Bölgələrdə gedən işlər deməyə əsas verir ki, biz bu hədəfə çatacağıq. Bu da çox yüksək göstəricidir. Nəzərə alsaq ki, ölkəmizin bir hissəsini dağlıq ərazilər təşkil edir, oraya qaz xətlərinin çəkilişi həm iqtisadi cəhətdən səmərəsizdir, həm texniki cəhətdən çox çətindir. Biz əhalimizin böyük hissəsini qazla təmin edəcəyik». 

 

İlham Əliyev həmçinin qeyd edib ki, içməli su və kanalizasiya layihələrinin icrasına bir neçə il bundan əvvəl ciddi şəkildə başlanması ölkə üçün əhəmiyyəti çox böyükdür: «Bütün dövrlərdə Azərbaycanda, Bakıda və digər bölgələrə içməli su problemi çox kəskin olub. Bölgələrdə, ümumiyyətlə, kanalizasiya xətləri yox idi. Bakının da kanalizasiya sistemi köhnə idi. Bu sahədə böyük quruculuq işləri aparılır və biz yenə də maksimum səviyyədə hədəf seçmişik ki, bu sahədə infrastruktur tamamilə yenilənsin. Ümid edirəm ki, içməli su ilə bağlı layihələr, hər halda onların böyük əksəriyyəti bu ilin sonuna qədər başa çatacaq. Bununla paralel olaraq, kanalizasiya xətlərinin çəkilişi də davam etdirilir. Bu layihələr keyfiyyətlə və vaxtında icra edilməlidir». 


Azərbaycan prezidenti Dövlət İnvestisiya Proqramında magistral yolların çəkilişinin davamına və yeni yolların çəkilişinin başlanmasına da toxunub: «Son illər ərzində bu sahədə də çox işlər görülüb, magistral yollar böyük dərəcədə bərpa olunub və yeni yollar salınıb. İndi bütün magistral yollarda işlər gedir və bu işlər artıq tamamlanır. Kəndlərarası yolların çəkilişi geniş vüsət alıb. Keçən il bu məqsədlər üçün həm dövlət büdcəsindən, həm Prezidentin Ehtiyat Fondundan 100 mln. manatdan artıq vəsait ayrılıb. Bu il də bu məbləğ ondan az olmamalıdır. Çalışmalıyıq ki, yaxın illərdə bütün kənd yollarını tikək».

 

Prezident İlham Əliyev bildirib ki, bu işlər digər infrastruktur layihələrlə uzlaşdırmalıdır, xüsusilə, yeraltı kommunikasiyaların - su, qaz xətlərinin çəkilişi ön planda olmalıdır. Onun sözlərinə görə, məhz bundan sonra yollar salınmalıdır, yəni, ardıcıllıq məhz belə olmalıdır.

 

Dövlət başçısı qeyd edib ki, hazırda Azərbaycanda iki nəhəng layihə - Taxtakörpü su anbarı-Samur-Abşeron kanalı və Şəmkirçay su dəryaçası layihələri icra edilir: «Bu layihələrin icrası nəticəsində on minlərlə hektar torpaq dövriyyəyə buraxılacaq və minlərlə fermer bundan bəhrələnəcək. Bu layihələr çox böyük maliyyə vəsaiti tələb edir və biz bu vəsaiti ayırırıq».

 

Prezident Taxtakörpü su anbarının bu il istifadəyə veriləcəyini qeyd edib: «Şəmkirçay su anbarı isə yəqin ki, gələn il istifadəyə veriləcək. Hər halda, Dövlət İnvestisiya Proqramında və Neft Fondunun investisiya layihələrində bu sahəyə kifayət qədər böyük məbləğ ayrılır. Sadəcə olaraq, bütün işlər yüksək keyfiyyətlə və vaxtında aparılmalıdır. Deyə bilərəm ki, əsas infrastruktur layihələrimiz bunlardır və yenə də qeyd etmək istəyirəm ki, bu layihələrin əsas hissəsi bu ilin sonuna qədər başa çatmalıdır».

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR