Bakı. Nicat Mustafayev – APA-Economics. Barselonada (İspaniya) «Mobile World Congress 2013» – dünyanın iri mobil sənaye sərgisi və mobil rabitə rəhbərlərinin, satıcı və sahiblərinin konqresi keçirilir.
«APA-Economics»in məlumatına görə, qarşıdakı il üçün mobil texnika istehsalçılarının işini ənənəvi olaraq stimullaşdıran tədbirdə 1 500-dən çox şirkət və istehsalçı iştirak edir. Sərgidə mobil innovasiyalar, əyləncə, əlavələr, açıq mobil sistem və internet-texnologiyaların nümayiş olunması ilə yanaşı, bir sıra nəhəng korporasiya rəhbərlərinin çıxışları, habelə sahə üzrə seminarlar, forumlar və sessiyaların keçirilməsi planlaşdırılır.
Sərgidə mobil qurğular bazarının aparıcı şirkətləri yeni məhsullarını təqdim edəcək. Bu ilin əsas istiqamətlərindən biri iriölçülü və geniş funksiyalı telefonların dəbdə olmasıdır.
Qeyd edək ki, tədbirdə Azərbaycanda fəaliyyət göstərən hər üç mobil operatorun, mobil məzmun təminatı ilə məşğul olan şirkətlərin rəsmi nümayəndələri iştirak edirlər.