Bakı. Nicat Mustafayev – APA-Economics. Bakıda TransAsiya-Avropa (TAE) İdarəetmə Komitəsinin növbəti, XXI iclası keçirilib.
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, iclasda Ukraynanın «Ukrtelekom», Almaniyanın «T-Sistems» və Gürcüstanın «Fopnet» şirkətlərinin nümayəndələri iştirak ediblər. İclas zamanı gündəlikdə olan bir çox məsələlər müzakirə olunub.
Gündəlikdə müzakirə olunan əsas məsələlərdən biri Azərbaycan tərəfinin növbəti dövr üçün TAE Sistem Administrasiyasına sədrlik etməsi ilə bağlı olub. Səsvermə nəticəsində Azərbaycan rabitə administrasiyası yekdilliklə növbəti dövr üçün TAE Sistem Administrasiyasına sədr seçilib.
Qeyd edək ki, TAE-nin reallaşdırılması üçün 1999-cu il oktyabr ayında Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli protokol imzalanıb. Həmin ilin dekabr ayından etibarən TAE fiber-optik kabelin Azərbaycan seqmentinin tikintisinə başlanılıb. Tikintisi 2 il davam edən fiber-optik kabel 2001-ci ildə başa çatdırılıb (Azərbaycan seqmentinin quru hissəsi) və elə həmin il Bakı ilə Tbilisi arasında rabitə kanalları TAE fiber-optik kabel magistralı üzərinə keçirilib.
Xatırladaq ki, TAE magistralı Çinin Şanxay şəhərindən Almaniyanın Frankfurt-Mayn şəhərinədək 24 min km-lik məsafədə uzanan böyük əhəmiyyətə malik rabitə şəbəkəsidir.