Bank Of Baku

Azərbaycan Telekommunikasiya üzrə Beynəlxalq Reqlamentə təklif olunan əlavə və düzəlişləri dəstəkləyir

Azərbaycan Telekommunikasiya üzrə Beynəlxalq Reqlamentə təklif olunan əlavə və düzəlişləri dəstəkləyir
# 06 dekabr 2012 11:26 (UTC +04:00)

 

Bakı. Nicat Mustafayev – APA-Economics. Dubayda keçirilən Beynəlxalq Telekommunikasiya üzrə Ümumdünya Konfransı (WCIT-12) bir çox ölkələr, o cümlədən Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

 

Nazirin sözlərinə görə, dekabrın 3-də işə başlayan və iki həftə davam edəcək tədbirdə 1988-ci ildə Melburnda (Avstraliya) qəbul edilmiş Telekommunikasiya üzrə Beynəlxalq Reqlamentinə yenidən baxılacağı, əlavə və düzəlişlər olunacağı nəzərdə tutulur: «Yeni reqlamentdə internetin idarə olunması, internet istifadəçilərinin hüquqlarının qorunması, internet azadlığı, radio və televiziya yayımının tənzimlənməsi, rouminq danışıqları və tariflər, telekommunikasiya xidmətləri zamanı ərazi bütövlüyünün qorunması kimi məsələlər əksini tapacaq».

 

Ə.Abbasov onu da qeyd edib ki, konfransın əsas məqsədi sürətli dinamika ilə inkişaf edən telekommunikasiya və informasiya texnologiyaları üzrə ITU (Beynəlxalq Telekommunikasiya İttifaqı) dövlətlərinin, eləcə də özəl sektor nümayəndələri, qeyri-hökumət təşkilatları və akademiya üzvlərinin təkliflərini bir araya gətirərək Reqlamentin yeni mətnini formalaşdırmaqdır: «Tədbir və orada qəbul olunacaq yeni sənəd bir çox ölkələr, o cümlədən Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Belə ki, yeni Reqlamentin qəbul olunması Azərbaycanda telekommunikasiya sisteminin tənzimlənməsinə yardım edəcək».

 

Qeyd edək ki, ITU-nun təşkilatçılığı ilə keçirilən bu tədbirdə 263 üzv ölkədən 2 minə yaxın nümayəndə iştirak edir. Konfransda Azərbaycanın nümayəndə heyəti də iştirak edir. Tədbirin ikinci həftəsində nazir Əli Abbasovun da iştirakı nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR