Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Nəqliyyat Nazirliyində İsveçrənin iqtisadiyyat, təhsil və tədqiqatlar naziri Yohan Şneyder Ammanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Nəqliyyat Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, nümayəndə heyətini qəbul edən nəqliyyat nazirinin müavini Musa Pənahov son illər Azərbaycanın inkişafı, irimiqyaslı islahatların həyata keçirilməsi, beynəlxalq inteqrasiyada əldə edilən irəliləyişlərdən danışıb.
Nəqliyyat sektorunu əhatə edən bütün sahələr - dəmir yolu, avtomobil nəqliyyatı və avtomobil yolları barəsində ətraflı məlumat verən nazir müavini bu istiqamətdə qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruri olduğunu vurğulayıb.
Görüş zamanı həmçinin Nəqliyyat Nazirliyinin nəqliyyat-yol kompleksi sahəsində apardığı siyasət, eləcə də Azərbaycanda dəmir yolunun təkmilləşdirilməsi siyasəti, Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı layihəsi və iki ölkə arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.