Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan Nazirlər Kabineti (NK) “Dənizdə gəmilərdə baş vermiş qəzaların araşdırılması Qaydaları”nı təsdiq edib.
NK-dan APA-ya verilən xəbərə görə, qaydalar dənizdə gəmilərdə baş vermiş qəzaların araşdırılmasını, sübutların toplanmasını və təhlilini, qəzanın başvermə səbəblərinin müəyyən olunmasını, gələcəkdə belə halların qarşısının alınmasına və dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin olunmasına dair müvafiq tövsiyələrin hazırlanmasını nəzərdə tutur.
Bu qaydalar hərbi, hərbi-yardımçı və dövlət tərəfindən qeyri-kommersiya məqsədləri üçün istifadə olunan gəmilərdə, habelə kiçik həcmli, idman gəmilərində, eləcə də tərsanədə inşa və ya təmirdə olan, dayanacaqda heyətsiz dayanan gəmilərdə baş vermiş qəzaların araşdırılması zamanı, balıqçı torlarının pərlərə dolaşması halları istisna olmaqla, gəmilər tərəfindən balıqçı torlarının zədələnməsi ilə bağlı qəzaların araşdırılmasında tətbiq edilmir.
Dənizdə gəmilərdə baş vermiş qəzaların araşdırılması cinayət, inzibati və ya başqa icraat qaydasında aparılan hər hansı bir araşdırmadan asılı olmayaraq həyata keçirilir. Gəmilərdə baş vermiş qəzalar insan ölümünə, gəminin tam məhvinə, dəniz mühitinin ciddi çirklənməsinə səbəb olduqda, qəzaların araşdırılmasının nəticəsinə dair rəy müvafiq istintaq orqanlarına təqdim edilir.
Gəmilərdə baş vermiş qəzaların araşdırılmasında iştirak edən şəxslər gəmilərə, sahildə yerləşən obyektlərə, müəssisələrə və təşkilatlara maneəsiz girmək, hadisələrin şahidi olmuş şəxsləri sorğu etmək hüququna malikdirlər. Gəminin istismarı ilə bilavasitə əlaqədar olaraq baş vermiş və insan ölümünə və ya insan bədəninə ağır xəsarət yetirilməsinə, insanın gəmidən itkin düşməsinə, gəminin məhvinə və ya məhvi ehtimalına, tərk edilməsinə, zədələnməsinə, saya oturmasına və ya hərəkət (üzgüçülük) imkanından məhrum olmasına, toqquşmada iştirakına, gəmidən kənarda olan dəniz infrastrukturu obyektlərinin, gəminin özünün, başqa gəminin və ya ayrıca şəxsin, yaxud dəniz üzgüçülüyünün təhlükəsizliyini ciddi təhdid edə biləcək zədələnməsinə, gəminin və ya gəmilərin zədələnməsi nəticəsində ətraf mühitə ciddi zərər vurulmasına səbəb olmuş hadisələr dənizdə gəmilərdə baş vermiş qəza hesab edilir.
Dəniz qəzasının araşdırılmasının müddəti qəzanın qeydiyyata alındığı andan etibarən hesablanır və 30 iş günü təşkil edir. Qəzanın araşdırılmasına dair rəy tərtib edilir və Administrasiyanın rəisi tərəfindən təsdiq edildikdən sonra gəmi sahibinə və ya kapitanına təqdim edilir. Araşdırmanı aparan komissiyanın və ya liman kapitanının əsaslandırılmış təqdimatı əsasında Administrasiya tərəfindən araşdırma müddəti 20 iş günündən artıq olmayaraq artırıla bilər.
Azərbaycanın ərazi və daxili sularında xarici dövlətin bayrağı altında üzən gəmilərdə baş vermiş qəzalar bu Qaydaların və "Dəniz qəzasının, yaxud hadisəsinin (insidentinin) araşdırılmasına dair tövsiyə edilən təcrübə və Beynəlxalq Standartlar Məcəlləsi"nin tələblərinə uyğun olaraq araşdırılır. Administrasiya tərəfindən Azərbaycanın ərazi və daxili sularında xarici dövlətin bayrağı altında üzən gəmilərdə baş vermiş qəzalar barədə gəminin bayrağı altında üzdüyü dövlətin səlahiyyətli qurumuna dərhal məlumat verilməlidir. Azərbaycan Respublikasının ərazi və daxili sularında gəmilərdə baş vermiş qəzaların qeydiyyatı Administrasiya tərəfindən aparılır.