Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın dövlət qurumlarının «Elektron hökumət» portalına (www.ehdis.az) inteqrasiya edilən elektron xidmətlərinin sayı 109 ədəd təşkil edir. «APA-Economics»in Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, «Elektron hökumət» portalında hər bir qurumun xidmətləri «bir pəncərə» prinsipi üzrə təqdim edilir. Hazırda təsdiq edilən elektron xidmətlərin sayı 417 ədəd təşkil edir ki, bunlardan 187 ədədinə çıxış var. Dövlət qurumlarının saytları vasitəsilə göstərilən elektron xidmətlərin ümumi sayı 393 ədədə bərabərdir. Hazırda Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən mobil qurğular (smartfonlar və planşet kompüterləri) vasitəsilə elektron xidmətlərdən istifadə imkanlarının təmin edilməsi üzrə işlər aparılır. Mobil qurğular vasitəsilə elektron xidmətlərdən istifadə etmək 2013-cü ilin I rübündə mümkün olacaq. Ötən ilin noyabrın 20-dən dekabrın 20-dək dövlət qurumlarının elektron xidmətlərindən 7 957 dəfə istifadə edilib.
Nazirliyin Məlumat Hesablama Mərkəzinin statistikasına əsasən, Milli Sertifikasiya Mərkəzinin verdiyi elektron-rəqəmsal imzaların sayı 2012-ci il dekabrın 25-i vəziyyətinə 2 328 ədəd təşkil edib ki, bundan 203 ədədi hüquqi və fiziki şəxslər, 2 125 ədədi isə vətəndaşlar tərəfindən əldə edilib. Milli Sertifikasiya Mərkəzinin dövlət idarəetmə orqanlarına verdiyi sertifikatların sayı dekabrın 25-nə 2 650 ədəd təşkil edib.