Bakı. Vahab Rzayev – APA-Economics. Bakıda Rusiyanın «LUKoil» neft şirkətinin sifarişi ilə nəqliyyat-montaj barjasının quraşdırılmasına başlanılıb. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, barja Xəzərin şimalında yerləşən Vladimir Filanovski adına neft yatağında dəniz platformalarının tikintisi üçün istifadə olunacaq.
Barja dəniz platformalarının dayaq özüllərinin bağlanması və onların arasında körpülərin quraşdırılması, həmçinin buruq qurğusunun yuxarı tikililəri, texnoloji platformanın və yaşayış modulunun quraşdırılması üçün istifadə olunacaq.
Barjanın yükgötürmə qabiliyyəti 13 450 ton, uzunluğu 140,3 metr, eni 62,3 metr təşkil edir. Barjanın tikintisinin 2013-cü ilin mart ayının ortalarında başa çatdırılması planlaşdırılır.