Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk iki ayı ərzində Azərbaycanda inşaat işlərinin aparılması üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1 680,1 mln. manatlıq, yaxud 2012-ci ilin yanvar-fevral aylarına nisbətən 38,3% çox vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əsas kapitala cəlb olunmuş vəsaitin 887,8 mln. manatından tikinti-quraşdırma işlərində istifadə olunub və müqayisə olunan dövrdə 48,8% artıb. Əsaslı vəsaitin 60,3%-i və ya 1 012,3 mln. manatı məhsul istehsalı obyektlərinin tikintisinə sərf olunub, 64,9%-ni (1 090,3 mln. manatını) daxili investisiyalar təşkil edib.
«Hesabat dövründə ölkədə ümumi sahəsi 246 min kv. metr yeni yaşayış evləri, 1 100 şagird yerlik ümumtəhsil məktəbləri, növbədə 130 nəfəri qəbul etmək imkanına malik ambulatoriya-poliklinika müəssisəsi, 242 yerlik məktəbəqədər təhsil müəssisəsi, 164 yerlik klub, Qəbələ rayonunda Mədəniyyət Mərkəzi, Atıcılıq Klubunun birinci mərhələsi, Heyvandarlıq-Südçülük kompleksi, «Aspi Winery» üzüm emalı zavodu və digər obyektlər tikilib istifadəyə verilib», - deyə Komitədən bildirilib.