«APA-Economics»in məlumatına əsasən, bu, prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş «Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun vəsaitinin istifadəsi Qaydaları»nda nəzərdə tutulub.
Qaydalara əsasən, Fondun İKT sahəsində fəaliyyət göstərən və ya yeni təsis edilən kommersiya hüquqi şəxslərin nizamnamə kapitalına investisiya qoyuluşu barədə qərarı iştirak payı təklif edilən hüquqi şəxslərin fəaliyyətinin kommersiya səmərəliliyini əks etdirən biznes-planlarının təhlili və onların təsisçilərinin, habelə digər iştirakçılarının sahibkarlıq fəaliyyəti sahəsində malik olduğu təcrübə və əldə etdiyi nailiyyətlərin nəzərə alınması əsasında qəbul edilir. Fond investisiya qoyduğu hüquqi şəxsin nizamnamə kapitalında üstün iştirak payına malik olmamalıdır və kommersiya təşkilatının nizamnamə kapitalına qoyulan investisiya üçün Fondun Müşahidə Şurasının müəyyən etdiyi müddət bitdikdə, Fond əldə etdiyi iştirak payını bazar qiymətləri ilə sataraq, kommersiya təşkilatındakı iştirakına xitam verir.
Fondun vəsaitləri İKT sahəsində tətbiqi elmi tədqiqat və təcrübi-layihə işlərinin aparılması, innovativ layihələrin yaradılması, yeni texniki sınaq qurğularının yaradılması, yeni nümunəvi texnikanın yaradılması və istehsalı, yeni texnologiyaların yaradılması, proqram təminatı vasitələrinin yaradılması, informasiyanın qəbulu, emalı, təhlili və ötürülməsi sahəsində yeni xidmətlərin yaradılması, elmi tədqiqat işlərinin istehsalata tətbiqi, onların kommersiyalaşdırılmasına yönəldilməlidir.
Qaydalara əsasən, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu innovativ və tətbiqi elmi-texniki layihələrin (startap layihələri) qrant maliyyələşdirilməsini də həyata keçirir. Layihələr üzrə qrantlar kiçik, orta və böyük həcmli olmaqla, 36 ayadək müddətə ayrılır.
Bir layihə üzrə qrant maliyyələşdirilməsinin həcmi 300 min manatdan çox olmamalıdır. Sahibkarlıq subyektlərinə Fondun vəsaitlərindən verilən qrantın həcmi 10-100 min manat (kiçikhəcmli qrantlar), 100-200 min manat (ortahəcmli qrantlar) və 200-300 min manat (böyükhəcmli qrantlar) civarında dəyişir.