Burala məqsəd elektron xidmətlərin təşkilinin sürətləndirilməsi və sadələşdirilməsi, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsidir.
«APA-Economics»in məlumatına görə, artıq agentlik tərəfindən «Dövlət orqanlarında elektron xidmətlərin təşkili və göstərilməsi üzrə qiymətləndirmə Qaydaları» təsdiqlənib.
Qaydalara əsasən, qiymətləndirmə zamanı xidmətin elektronlaşma səviyyəsi, informasiya açıqlığı səviyyəsi, elektron xidmət göstərən dövlət orqanının rəsmi internet saytının olması, saytda elektron xidmətlər bölməsinin mövcudluğu, saytın elektron xidmətlər bölməsində sənəd nümunələrinin (ərizə, blank və digər) elektron formasının yerləşdirilməsi və şəxslərin bu bölmədən sərbəst istifadəsinin təmin edilməsi, elektron xidmətin göstərilməsinin gedişi barədə istifadəçilərin məlumat almaq imkanlarının mövcudluğu, elektron xidmətə görə, ödənişin real elektron formada aparılması imkanının olub-olmaması və digər parametrlər nəzərə alınacaq.
Qiymətləndirmənin nəticəsi olaraq elektron xidmətin hansı səviyyədə təşkil olunduğu müəyyən ediləcək və buna görə ballar hesablanacaq. Yığılan balın səviyyəsi maksimum balın 50%-dən aşağı olduqda xidmətin səviyyəsi qeyri kafi, 50-70% arası olduqda kafi, 70-90% arasında olduqda yaxşı, 90-100% arasında olduqda əla sayılacaq.
Qiymətləndirmənin nəticələri, o cümlədən dövlət orqanları tərəfindən göstərilən elektron xidmətlərin vəziyyəti, problemlər, nöqsanlar və həmin xidmətlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər barədə dövlət başçısına hesabat veriləcək. Dövlət orqanları çatışmazlıqların aradan qaldırılması ilə bağlı tədbirlər barədə məlumatı iki ay müddətində Dövlət Agentliyinə təqdim etməlidir. Qiymətləndirmənin nəticələri Agentliyin rəsmi internet saytında açıqlanacaq.
Qeyd edək ki, pilot layihə olaraq Dövlət Agentliyi Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Milli Arxiv İdarəsinin elektron xidmətləri üzrə qiymətləndirmə aparılacaq. Pilot layihə bitdikdən sonra Agentlik yeni qaydalar əsasında elektron xidmətlərin qiymətləndirilməsi üzrə davamlı iş aparacaq və bu barədə ictimaiyyətə müntəzəm olaraq məlumat verəcək.