Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda əmlak vergisinin yığılmasına nəzarətin gücləndirilməsi məqsədilə daşınmaz əmlakın alqı-satqısı ilə bağlı notariat əməliyyatları və daşınmaz əmlak mülkiyyətçiləri barədə məlumatlar hər ay Vergilər Nazirliyinə veriləcək. «APA-Economics»in məlumatına görə, bu, Vergi Məcəlləsində dəyişikliklərin təsdiqlənməsi barədə dövlət başçısının fərmanında nəzərdə tutulub.
Fərmana əsasən, Əmlak Məsələləri Dövlət Komitəsi vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslərin daşınmaz əmlakı barədə daşınmaz əmlakın dövlət reyestrindəki məlumatları hər ay başa çatdıqdan sonra növbəti ayın 20-dək Vergilər Nazirliyinə onun müəyyən etdiyi elektron formada təqdim etməlidir. Ədliyyə Nazirliyi isə daşınmaz əmlakın alqı-satqısı ilə bağlı aparılan notariat əməliyyatları barədə məlumatı hər ay başa çatdıqdan sonra növbəti ayın 20-dək Vergilər Nazirliyinə təqdim etməlidir.