Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) «Elektron hökumət» portalı vasitəsi ilə ən çox istifadə olunan elektron xidmətlərin siyahısını açıqlayıb.
«APA-Economics»in Nazirliyə istinadən verdiyi məlumata görə, siyahı 2012-ci ilin dekabrın 1-dən 25-dək olan dövrü əhatə edir. Bu müddət ərzində ən çox istifadə olunan Ədliyyə Nazirliyinin əhaliyə təqdim etdiyi «Adın mənası» e-xidmətidir. İstifadəçilər bu xidmətdən 672 dəfə yararlanıblar. İkinci ən çox istifadə olunan e-xidmət Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təqdim etdiyi «Cari danışıqlar üzrə borc» (PİN-ə görə) xidmətidir ki, bundan da 613 nəfər istifadə edib. Üçüncü yerdə isə Dövlət Sosial Müdafiə Fondunun «Sığortaolunanlar tərəfindən məlumatların əldə edilməsi» xidmətidir ki, bundan da 600 dəfə istifadə olunub.
Daxili İşlər Nazirliyi «PİN-ə görə fərdi məlumatların axtarışı» (427), Təhsil Nazirliyinin «Diplom haqqında məlumatlar» (356) xidmətləri də müvafiq sıralama ilə 4-cü və 5-ci yerlərdə dayanır.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Telefon üzrə ətraflı məlumat» (316), «Qəbzlər üzrə borc» (PİN-ə görə) (297), «ADSL-ə qoşulma/imtina» (274) və Dövlət Sosial Müdafiə Fondunun «Pensiyaçı tərəfindən məlumatların əldə edilməsi» (268) xidmətləri də ən çox istifadə olunan elektron xidmətlər sırasındadır.