Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan Nazirlər Kabineti (NK) “Gəmilərin nəzarət yoxlamasına dair Əsasnamə”ni təsdiq edib.
Nazirlər Kabinetindən APA-ya verilən xəbərə görə, dəniz nəqliyyatı sahəsində beynəlxalq konvensiyalara, Beynəlxalq Dəniz Təşkilatının qətnamələrinə uyğun olaraq hazırlanmış əsasnamə Azərbaycanda kiçik həcmli, hərbi və hərbi-yardımçı gəmilər istisna olmaqla gəmilərin nəzarət yoxlamasının həyata keçirilməsi qaydasını müəyyən edir. Gəmilərin nəzarət yoxlaması Dövlət Dəniz Administrasiyası tərəfindən həyata keçirilir.
Əsasnaməyə əsasən, Azərbaycanın dövlət bayrağı altında üzən və ya ölkənin dəniz limanlarına daxil olan xarici dövlətlərin bayraqları altında üzən gəmilərin orta illik sayının ən azı 25 faizi nəzarət yoxlamasından keçirilməlidir. Gəmilərdə nəzarət yoxlamaları hər 6 aydan bir həyata keçirilir. Gəmi Azərbaycana ilk dəfə səfər etdikdə və ya ölkənin dəniz limanlarına sonuncu səfər tarixindən 12 aydan artıq müddət keçdikdə, gəminin bayrağı altında üzdüyü dövlət və ya gəmi sahibi liman nəzarəti üzrə ixtisaslaşmış beynəlxalq qurumların "Qara siyahı"sında olduqda, əvvəlki yoxlamalar zamanı gəminin və heyət üzvlərinin dəniz nəqliyyatı sahəsində beynəlxalq konvensiyalar və Azərbaycanın qanunvericiliyi ilə müəyyən edilmiş tələblərə və standartlara uyğunsuzluğu aşkar edildikdə, dəniz üzgüçülüyünün təhlükəsizliyinə, insan həyatına və ya ətraf mühitə real təhlükə yaradan uyğunsuzluqların mövcudluğuna dair məlumatlar əldə edildikdə, gəminin bortunda olan təhlükəli yüklər barədə səlahiyyətli orqanlara tam məlumat verilmədikdə, son 6 ay müddətində təsnifat cəmiyyəti tərəfindən gəminin təsnifatı dayandırıldıqda, gəmi təhlükəsizlik şəhadətnamələrində göstərilmiş inşa tarixindən 10 ildən artıq müddət keçmiş qaz və kimyəvi maddələr daşıyan tanker, 12 ildən artıq müddət keçmiş balker yük gəmisi, 15 ildən artıq müddət keçmiş sərnişin gəmisi, eləcə də ümumi tonnajı 3000 tondan artıq olan və təhlükəsizlik şəhadətnamələrində göstərilmiş inşa tarixindən 15 ildən artıq müddət keçmiş neft tankeri olduqda, onun nəzarət yoxlanması həyata keçirilir.
Gəmilərin nəzarət yoxlaması planlı və növbədənkənar qaydada, yəni hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarə orqanlarından konkret faktlara əsaslanan rəsmi müraciətlər daxil olduqda, habelə KİV-də məlumatlar yayıldıqda aparılır. Müfəttiş daxil olmuş məlumatın mənbəyini açıqlamamaq hüququna malikdir.
Gəmilərin nəzarət yoxlaması nəticəsində qəbul edilmiş qərardan gəmi kapitanının, gəmi sahibinin və gəminin bayrağı altında üzdüyü dövlətin səlahiyyətli qurumunun Administrasiyaya və ya məhkəməyə şikayət etmək hüququ var.
NK-nın digər qərarı ilə "Dəniz limanı kapitanı haqqında Əsasnamə" də təsdiq edilib.