Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda 2013-cü ilin İKT ili elan edilməsi haqqında Azərbaycan prezidentinin sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi, Tədbirlər Planının hazırlanması məqsədilə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun əmri ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), biznes sektoru və vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət İşçi Qrupu yaradılıb.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, yanvarın 21-də Nazirlikdə İşçi Qrupunun ilk iclası keçirilib. İclasda nazir Ə.Abbasov dövlət başçısının 2013-cü ili İKT ili elan edilməsi barədə qəbul etdiyi qərarın bu sahənin daha da inkişafına güclü təkan verəcəyini qeyd edib, Tədbirlər Planına salınacaq tədbirlər üzrə prioritet məsələlər barədə fikirlərini bölüşüb, qarşıdakı fəaliyyətdə hökumət-özəl əməkdaşlıq modelinin tətbiqinin vacib olduğunu vurğulayıb.
Daha sonra çıxış edən AMEA-nın birinci vitse-prezidenti Arif Həşimov sərəncamın icrası ilə əlaqədar AMEA-da da ilkin müzakirələrin keçirildiyini və Tədbirlər Planının hazırlanmasında Akademiyanın fəal iştirak edəcəyini bildirib.
İclasda biznes qurumları, vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri çıxış ediblər, İKT ili ərzində görülməli işlər barədə ilkin fikir mübadiləsi aparılıb. Təkliflərin yanvar 30-dək qəbul olunması, ümumiləşdirilməsi və Tədbirlər Planının layihəsinin fevralın 5-dək hazırlanması nəzərdə tutulur.