Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, iclasda Şuranın sədri Arif Paşayev, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, maliyyə naziri Samir Şərifov, nəqliyyat naziri Ziya Məmmədov, müdafiə sənayesi naziri Yavər Camalov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Arif Mehdiyev, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev və digər aidiyyəti qurumların nümayəndələri iştirak ediblər. Eyni zamanda, Şuranın budəfəki iclasında Azərbaycanın Kosmik Proqramının məsləhətçisi, akademik Roald Saqdeyev də iştirak edib.
Tədbirdə çıxış edən A.Paşayev kosmik sənayenin yaradılmasının və ilk telekommunikasiya peykinin orbitə çıxarılmasının respublika üçün xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib və bu istiqamətdə aparılan işlərə dair məlumat verib.
«Azərkosmos» ASC-nin sədri Rəşad Nəbiyev «Azərbaycanda kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı»nın icra vəziyyəti, ilk telekommunikasiya peykinin hazırlanması və orbitə çıxarılması, orbital mövqelərin qeydiyyatı və koordinasiyası üzrə aparılan işlər barədə geniş məlumat verib, kommunikasiya peykinin artıq orbitə çıxarılması üçün tam hazır vəziyyətə gətirildiyini qeyd edib və həyata keçirilən aşağı orbitli peyk sistemlərinin yaradılması ilə bağlı hesabat verib.
Öz növbəsində Azərbaycan Diplomatik Akademiyasının məzunu Taleh Ziyadov «Azərbaycan Avrasiyada nəqliyyat və logistika mərkəzi kimi» mövzusunda çıxış edərək, ölkənin qeyri-neft sektorunun, o cümlədən nəqliyyat və informasiya texnologiyalarının inkişafını vurğulayıb, gələcəkdə Azərbaycanın regional və qlobal nəqliyyat mərkəzinə çevrilə biləcəyi ilə bağlı araşdırmanı təqdim edib.
Çıxış və müzakirələrdən sonra Şuranın sədri A.Paşayev iclası yekunlaşdırıb, növbəti iclasda müzakirə olunacaq məsələlərlə bağlı fikir və tövsiyələrini bildirib.
Sonda anadan olmasının 80 illiyi və Azərbaycanın beynəlxalq elmi əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətinə görə respublika prezidenti tərəfindən «Dostluq» ordeni ilə təltif olunması münasibətilə akademik R.Saqdeyev təbrik edilib.
Qeyd edək ki, 2010-cu il mayın 3-də Azərbaycan prezidentinin sərəncamı ilə «Azərkosmos» ASC təsis edilib. Eyni zamanda, sərəncamda ölkədə kosmik fəaliyyət sahəsində elmi-texniki nailiyyətləri və qabaqcıl təcrübəni öyrənmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsinə dair müvafiq tədbirlərin görülməsində iştirak etmək və həmin sahənin inkişafı ilə bağlı təklifləri hazırlamaq məqsədi ilə Kosmik Məsələlər üzrə Şuranın yaradılmasına dair verilmiş tapşırığa uyğun olaraq müvafiq şura yaradılıb.