Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Milli Aviasiya Akademiyasında Kosmik Məsələlər üzrə Şuranın növbəti iclası keçirilib. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, Kosmik Məsələlər üzrə Şuranın sədri Arif Paşayevin rəhbərliyi ilə keçirilən və bir sıra hökumət nümayəndələri, o cümlədən Kosmik Proqramın məsləhətçisi akademik Roald Saqdeyevin də iştirak etdiyi iclasda Azərbaycanın ilk telekommunikasiya peyki, «Azerspace-1»in orbitə buraxılması və bütün sınaqları uğurla tamamlayaraq kommersiya fəaliyyətinə başlamaq üçün tam hazır vəziyyətə gətirilməsi ölkə üçün əlamətdar hadisə kimi qiymətləndirilib.
İclasda 2015-2016-cı illərdə orbitə buraxılması nəzərdə tutulan aşağı orbitli və ikinci telekommunikasiya peyki layihələrinə dair ətraflı müzakirələr aparılaraq, bu istiqamətdə tövsiyələr verilib. Bununla yanaşı, yaxın gələcəkdə Azərbaycanda universal yerüstü stansiyanın qurulması və digər operatorların region üzərindən keçən yüksək ayırd etməli peyklərdən təsvirlərin qəbulunun regional bazarda optik və radar təsvirlərə olan tələbatı ödəməsi istiqamətində görülən işlərdən danışılıb, eyni zamanda, həyata keçirilməsi planlaşdırılan bir sıra digər kosmik layihələrin icrası istiqamətində aidiyyəti üzrə təkliflər verilib, həmçinin bəzi təşkilati məsələlərə baxılıb.