Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanda məcburi ekspertizadan keçirilməli olan layihə-konstruktor və texnoloji sənədlərin siyahısı müəyyənləşib.
APA-nın məlumatına görə, Nazirlər Kabineti tərəfindən təsdiqlənən “Layihə-konstruktor və texnoloji sənədlərin məcburi metroloji ekspertizasının keçirilməsi Qaydası”na əsasən metroloji ekspertiza Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən metroloji ekspertiza sahəsi üzrə akkreditasiya olunmuş fiziki və hüquqi şəxslər tərəfindən aparılacaq.
İşlənilib hazırlanma dövründə metroloji ekspertizası zəruri olan layihə-konstruktor sənədlərinin sırasına texniki təklif, eskiz layihəsi, texniki layihə, yığım və qabarit çertyojları, izahedici qeyd, texniki şərait, sınağın proqramı və metodu, istismar və təmir sənədləri, montaj çertyoju, texniki səviyyənin kartı daxildir. İşlənilib hazırlanma dövründə metroloji ekspertizası zəruri olan texnoloji sənədlərə isə marşrut, əməliyyat və eskizlər kartları, texnoloji təlimat və təchizat siyahısı daxil edilib.