Bakı – APA-Economics. Azərbaycan Şəhərsalma və Tikinti Məcəlləsinin 2013-cü il yanvar ayının 1-dən qüvvəyə minməsi ilə əlaqədar layihələndirmə fəaliyyəti üçün xüsusi razılığı (lisenziyası) olan layihəçilərin iştirakı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsində geniş iclas keçirilib.
«APA-Economics»in məlumatına görə, Komitənin sədri Abbas Ələsgərov bildirib ki, iclasın əsas məqsədi şəhərsalma fəaliyyətini tənzimləyən yeni Məcəllənin layihəçilərlə bağlı tələblərini və bu tələblərinin pozulması zamanı İnzibati Xətalar Məcəlləsində təsbit olunması nəzərdə tutulan məsuliyyət barəsindəki məlumatları layihəçilərin diqqətinə çatdırmaqdır.
Sədr yeni Məcəllənin tələblərindən danışarkən əsas diqqəti ərazi planlaşdırılması sənədləri, o cümlədən müfəssəl planlar olmadıqda formalaşmış ərazilərdə tək-tək obyektlərin layihələndirilməsinə yönəldərək bildirib ki, Məcəllənin 11-ci maddəsinin tələblərinə əsasən, əgər müfəssəl plan yoxdursa, tikinti obyektinin layihələndirilməsinə yalnız müvafiq qaydada işlənilmiş şəhərsalma əsaslandırılması ilə birlikdə icazə verilir. Əks təqdirdə layihəçi inzibati qaydada cəzalandırılacaq, yaxud ona verilmiş lisenziyanın fəaliyyətinin dayandırılması məsələsinə baxılacaq.