Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanda stasionar telefon nömrələrinin sayı 1 756 280-ə çatdırılıb. «APA-Economics»in məlumatına görə, bunu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Aparat rəhbəri Vidadi Zeynalov bildirib.
Onun sözlərinə görə, ölkədə sabit telekommunikasiya sektorunun inkişaf etdirilməsi yeni texnologiyaların tətbiqi, keyfiyyətli və dayanıqlı telefon rabitəsinin təşkili məqsədilə həyata keçirilmiş investisiya layihələri çərçivəsində 2012-ci ildə 45 ədəd yeni elektron ATS istismara verilib, 21 ATS rekonstruksiya olunub, 26 ATS-də genişləndirmə işləri aparılıb, 41 ədəd teleradio vericisi quraşdırılıb (o cümlədən, 23 televiziya vericisi) və 44 poçt şöbəsi binası tikilib ki, bundan 11-i Naxçıvanda MR-da inşa olunub: «Nəticədə, respublikanın ümumi telefon şəbəkəsi üzrə montaj tutumu 28 480 nömrə artırılaraq 1 756 280 nömrəyə çatdırılıb».
V.Zeynalov onu da qeyd edib ki, yüksək məlumat ötürmə qabiliyyətinə malik fiber-optik kabellər çəkilməsi istiqamətində görülmüş işlər nəticəsində «Aztelekom» İB tərəfindən 2 100 km, o cümlədən özəl şirkətlər tərəfindən 530 km, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) tərəfindən 123,3 km, BTRİB-in kabel-kanalizasiya qurğularından istifadə etməklə digər təşkilatlar tərəfindən 266,3 km fiber-optik kabellər çəkilib: «Həmçinin, Bakı-Şamaxı-Ağsu-Göyçay-Ağdaş-Gəncə və Bakı-Ələt-Şirvan-Salyan-Hacıqabul-Kürdəmir-Ucar-Yevlax-Gəncə ərazilərində müasir tipli DWDM (transmissiya) şəbəkəsi qurulub».
Nazirlik rəsmisi həmçinin bildirib ki, hesabat ilində ölkədə əsas telefon aparatlarının ümumi sayı 1 475 535 ədədə çatıb.
«Respublika üzrə əhalinin hər 100 nəfərinə düşən telefon aparatlarının sayı 18,6 ədəd, hər 100 ailəyə düşən telefon aparatlarının sayı isə 68,8 ədəd təşkil edir», - deyə V.Zeynalov əlavə edib.