Bakı - APA-Economics. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ərzaq məhsullarının sınağı laboratoriyası Almaniya Akkreditasiya Qurumu tərəfindən akkreditasiya olunub.
Komitədən «APA-Economics»ə verilən məlumata görə, bunun nəticəsində komitənin laboratoriyasının sınaq protokolları Avropa Birliyi ölkələrində tanınacaq.
Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) Kənd təsərrüfatı və ərzaq məhsullarının sınağı laboratoriyası Almaniya Akkreditasiya Qurumu (DAkkS) tərəfindən akkreditasiya olunub. DakkS mütəxəssislərinin sınaq laboratoriyasında apardıqları auditin nəticəsində qurulmuş infrastruktur, tətbiq edilən müasir sınaq avadanlıqları, səriştəli kadr potensialı və sınaqların düzgün metodlarla aparılması xüsusi qiymətləndirilib, bütün növ ərzaq məhsullarının sınağının İSO/İEC 17025:2005 beynəlxalq standartı əsasında həyata keçirildiyi barədə qərar qəbul edilib. Bundan başqa, DakkS AzTEST-in laboratoriyasında bütün növ ərzaq məhsullarının mikrobioloji sınağını, o cümlədən meyvə şirələrində ağır metallar və titrlənən turşuların təyini, qablaşdırılmış içməli sularda kimyəvi analizləri yüksək qiymətləndirmiş, adıçəkilən sahələr üzrə də laboratoriyanı akkreditasiya edib.
Komitənin məlumatında bildirilir ki, nüfuzlu Almaniya Akkreditasiya Qurumu tərəfindən Azərbaycanda qurulmuş müasir sınaq laboratoriyasının akkreditasiyası ölkə sahibkarlığının inkişafı istiqamətində qazanılmış növbəti müvəffəqiyyətdir: «Komitənin laboratoriyasının sınaq protokollarının xaricdə tanınması ilə yerli müəssisələr istehsal etdikləri ərzaq məhsullarının Avropa Birliyi ölkələrinə ixracı zamanı heç bir maneə ilə üzləşməyəcək, ixrac imkanları genişlənəcək, yerli sahibkarların xarici bazarlarda özlərinə layiqli yer tutmaları üçün əlverişli şərait yaranacaq».