Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanda fəaliyyət göstərən tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin həcmi əvvəlki ilin səviyyəsini 19,6% üstələyərək 7 427,4 mln. manat təşkil edib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, yerinə yetirilmiş işlərin həcminin 72,4%-i yeni tikinti, yenidənqurma və genişləndirmə, 14,1%-i əsaslı təmir, 2,2%-i cari təmir, 11,3%-i isə sair tikinti işlərinin payına düşüb. Qeyri-dövlət mülkiyyətli tikinti müəssisələri ümumi inşaat işlərinin 76%-ni yerinə yetirib.
Qeyd edək ki, 2012-ci ilin yanvar-noyabr aylarında inşaat bölməsində çalışmış 92,9 min nəfərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,8% artaraq 574,3 manat təşkil edib. Mülki təyinatlı inşaat işlərində işləyən işçilərin əmək haqları 37,7%, ixtisaslaşdırılmış tikinti işlərində 11,8%, binaların tikintisində isə 3,2% artıb.