Bank Of Baku

Azərbaycanın əsas poçt operatoru qızıl səviyyəli keyfiyyət sertifikatına layiq görülüb

Azərbaycanın əsas poçt operatoru qızıl səviyyəli keyfiyyət sertifikatına layiq görülüb
# 10 yanvar 2013 15:46 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərpoçt» MMC Ümumdünya Poçt İttifaqının (ÜPİ) qızıl səviyyəli keyfiyyət sertifikatına layiq görülüb.

 

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, 192 ölkə ilə təmsil olunan Ümumdünya Poçt İttifaqı (ÜPİ) 2004-cü ildən başlayaraq üzv ölkələri arasında göstərilən poçt xidmətlərinin müəyyən edilmiş standart və şərtlərə uyğunluğunu dəyərləndirmək məqsədilə keyfiyyətin idarə edilməsi üzrə sertifikatlaşma aparır və 2004-cü ildən 2012-ci ilə qədər bu sertifikatlaşmada cəmi 51 ölkənin təyin olunmuş poçt operatoru iştirak edib.

 

Sertifikatlaşma prosesi müxtəlif mərhələlərdə qiymətləndirmə yolu ilə aparılır və hər mərhələdə tələb olunan meyarlara cavab verən poçt operatoru növbəti mərhələdə iştirak etmək hüququ əldə edir. Sonuncu - 5-ci mərhələdən də uğurla keçən poçt operatoruna əldə olunan nəticələrə uyğun olaraq yığılmış ballar əsasında A (qızıl), B (gümüş) və ya C (bürünc) səviyyəli sertifikat verilir.

 

Azərbaycanın əsas poçt operatoru olan «Azərpoçt» MMC 2012-ci ilin may ayında ÜPİ-nin təşkil etdiyi keyfiyyətin idarə edilməsi üzrə sertifikatlaşmada iştirak etmək barədə həmin təşkilata rəsmi qaydada müraciət edib və ÜPİ-nin müəyyən etdiyi müvafiq mərhələlərdən uğurla keçdikdən sonra 2012-ci ilin oktyabrın 29-u - noyabrın 3-ü tarixlərində ÜPİ-nin eksperti Azərbaycana ezam edilib.

 

ÜPİ-nin eksperti tərəfindən «Azərpoçt»da audit yoxlaması keçirilib və Azərbaycan poçtunun ÜPİ-nin keyfiyyətin idarə olunması üzrə müəyyən etdiyi tələb və şərtlərə tam cavab verdiyi müəyyən edilib, mümkün olan 2 min baldan 1 912 bal toplaya bilib.

 

Bu günlərdə ÜPİ-nin Beynəlxalq Bürosunun baş direktorunun imzası ilə «Azərpoçt»a daxil olan məktubda bildirilib ki, bu təşkilatın Keyfiyyətin Yaxşılaşdırılması Komitəsi tərəfindən audit yoxlamasının nəticələri təsdiqlənib və «Azərpoçt» MMC qızıl səviyyəli sertifikata layiq görülüb.

 

ÜPİ-nin cari ilin aprel ayında keçirilməsi nəzərdə tutulan yaz sessiyasının plenar iclaslarında bu sertifikatın Azərbaycan nümayəndəsinə rəsmi qaydada təntənəli şəkildə təqdim olunması nəzərdə tutulub.

 

Qeyd edək ki, indiyə kimi ÜPİ-nin A (qızıl) səviyyəli sertifikatına Azərbaycandan başqa Ukrayna, Belarus və Moldova, B (gümüş) səviyyəli sertifikata isə Qazaxıstan və Rusiya layiq görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR