«APA-Economics»in məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında bildirib.
Nazir qeyd edib ki, orta çəkili - 3,2 ton olan peyk ABŞ-ın «Orbital» şirkəti tərəfindən istehsal olunub və Fransanın «Arian» şirkəti tərəfindən orbitə çıxarılacaq. Peykin imkanlarının 20%-i Azərbaycanın tələbatını ödəmək üçün, qalan 80%-i isə kommersiya məqsədilə istifadə ediləcək. Artıq peykin resurslarının 40%-nin istifadəsi üçün şərti müqavilələr imzalanıb.
Ə.Abbasovun sözlərinə görə, peyklərin idarə olunması üçün regional idarəetmə mərkəzinin və ehtiyat idarəetmə mərkəzinin yaradılması başa çatıb: «Mərkəz təkcə Azərbaycanın yox, region üzərindən uçan digər ölkələrə məxsus peyklərin də idarə olunması üçün istifadə olunacaq». Burada Yer səthinin müşahidəsi üçün universal qəbuletmə və emaletmə sisteminin quraşdırılmasına başlanılıb və 2013-cü ilin sentyabr ayından real vaxt rejimində əcnəbi peyklərdən yüksək dəqiqlikli təsvirlərin alınması və müxtəlif təyinatlı istifadəsi təmin olunacaq.
Ə.Abbasov bildirib ki, yer səthinin müşahidəsi üçün Azərbaycan peykinin aşağı yer orbitinə çıxarılması 2015-ci ilə, ikinci telekommunikasiya peykinin orbitə çıxarılması isə 2016-cı ilə planlaşdırılıb: «BMT-nin müvafiq komitəsində Azərbaycan kosmik ölkələr sırasına qəbul olunub, ölkəmiz kosmik fəzanın sülh məqsədlərlə istifadəsi üzrə öhdəliklər götürüb».
Nazir Azərbaycanda kosmik texnologiyalar üzrə kadrların hazırlandığını da bildirib: «Son 3 ildə orta yaşı 25-28 olan təxminən 30 nəfər peyklərin idarə olunması üzrə ABŞ, Fransa və Malayziyada uzunmüddətli kurs və təlimlər keçmiş milli mütəxəssis hazırlanıb».