Bakı – APA-Economics. Bakı-Böyük Kəsik dəmir yolunun əsaslı təmiri layihəsi çərçivəsində fevralın 20-23-də Karrar-Sığırlı mənzilində 3 800 metr yol təmir olunacaq.
«Azərbaycan Dəmir Yolları» QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, dövlət başçısının 2010-cu il iyulun 6-da təsdiqlədiyi Azərbaycanda dəmir yolu nəqliyyat sisteminin inkişafına dair Dövlət Proqramı (2010-2014-cü illər) çərçivəsində Bakı-Böyük Kəsik dəmir yolunun 317 km-nin əsaslı təmiri planlaşdırılır.
Bu gün səhər saatlarında Karrar-Sığırlı hissəsində köhnə yolun söküntüsünə start verilib və artıq 1 km köhnə yol sökülüb. Əsaslı təmir işlərini «Azərbaycan Dəmir Yolları» QSC-nin «Dəmiryolservis» MMC-nin müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları həyata keçirir.
Qeyd edək ki, Bakı-Böyük Kəsik yolunun əsaslı təmirinə 2011-ci ilin iyununda Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində başlanılıb və bu günə kimi 188 km yol əsaslı təmir olunub. İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir. Yolların əsaslı təmiri prosesini layihənin icrası üçün kredit ayıran Çexiya «Eximbank»ının nəzarət qrupu müşahidə edir.