Bakı. Əli Əhmədov – APA-Economics. Bakı Metropoliteni gələn ilin sentyabr ayında iki yeni stansiyanı istifadəyə verməyə hazırlaşır. «APA-Economics»in məlumatına görə, bu barədə metropolitenin rəisi Tağı Əhmədov bildirib.
Onun sözlərinə görə, bu, «Avtovağzal» və «Memar Əcəmi-2» stansiyaları olacaq.
T.Əhmədov bildirib ki, hazırda tikinti işləri üçün həmin ərazidəki obyektlərin köçürülməsi prosesi gedir və bəzən bu proses işi çətinləşdirir. Gələn il metro tikintisi üçün Fransanın «Bouygues Travaux Publics» şirkəti ilə müqavilə imzalanacağını bildirən müəssisə rəhbəri bu məsələ ilə bağlı hələlik başqa heç bir şirkətlə danışıq aparılmadığını bildirib.
T.Əhmədov paytaxtda bütün ictimai nəqliyyat vasitələrində gediş haqqının ödənilməsi üçün vahid nəqliyyat ödəniş kartına da münasibətini açıqlayıb. Onun sözlərinə görə, metropolitenin bu sistemə qoşulması gözlənilmir: «Metroda gediş kartı ayrıca olacaq».