Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakıda Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə «SGS Azəri» şirkətinin birgə təşkilatçılığı ilə «ISO 27001:2005 beynəlxalq standartı əsasında informasiya təhlükəsizliyinin idarə edilməsi məsələləri» mövzusunda seminar keçirilib.
«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi informasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsbəndiyar Əliyev ölkədə İKT sektorunda həyata keçirilən layihələr barədə məlumat verib və bildirib ki, bu sektorun inkişafı müxtəlif standartların tətbiqini, o cümlədən beynəlxalq standartların lokallaşdırılmasını ön plana çəkir və məhz sözügedən standartın Azərbaycanda tətbiqi bu baxımdan vacibdir.
Tədbirdə çıxış edən «SGS Azəri» şirkətinin idarəedici müdiri Sabiq Abdullayev şirkətin fəaliyyəti haqqında məlumat verib və bildirib ki, şirkət müxtəlif standartların sertifikatlaşdırılmasına dair 11 istiqamət üzrə fəaliyyət göstərir. Bura neft-qaz, kənd təsərrüfatı və yeyinti məhsulları, istehlak malları, sənaye xidməti, mineral ehtiyatlar, tikinti xidmətləri və s. sahələr daxildir. S.Abdullayevin sözlərinə görə, «SGS Azəri» ARDNŞ, RİTN, habelə «Chevron» və «Akkord» kimi şirkətlərlə sıx əməkdaşlıq edir və Heydər Əliyev Mərkəzi, Bakı hava limanının yeni terminalı kimi layihələrin iştirakçısıdır.
Sertifikatlaşdırma orqanının rəsmisi onu da bildirib ki, bu standart ölkədə 2010-cu ildə qəbul olunub və gələn ildən etibarən Azərbaycanda ISO/IEC 27001:2005 standartı üzrə sertifikatlaşmaya başlayacaq. Bura informasiya təhlükəsizliyi risklərinə dair əsas tələblər və informasiya təhlükəsizliyi riskləri haqqında şərtlər daxildir: «Artıq bir sıra şirkət və təşkilat tərəfindən bu məsələ ilə bağlı bizə müraciət olunub».
Tədbirdə çıxış edən «SGS Polşa» şirkətinin ISO 27001:2005 standartı üzrə auditoru Krjıştof Qavezki «İnformasiya təhlükəsizliyinin idarə edilməsi sistemlərinin tətbiqinin səbəbləri» mövzusunda təqdimatla çıxış edib, Polşanın bu sahədə təcrübəsi ilə bölüşüb.