Bakı. Əli Əhmədov – APA-Economics. Bu gün Bakıda Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin təşkilatçılığı ilə BMT-nin Coğrafi adlar üzrə Şərqi Avropa, Şimali və Orta Asiya şöbəsinin ekspertlər qrupunun X iclası və MDB-nin Geodeziya, kartoqrafiya, kadastr və yerin məsafədən tədqiq edilməsi üzrə Dövlətlərarası Şurasının işçi qrupunun iclası işə başlayıb.
«APA-Economics»in məlumatına görə, iclasda kartoqrafiya sahəsində coğrafi adların sistemləşdirilməsi, müasir standartlara cavab verən elektron bülletenin hazırlanması, digər ölkələr tərəfindən hazırlanan xəritə və atlaslarda coğrafi adların düzgün əks etdirilməsi, normativ-texniki sənədlərin işlənilməsi və digər aktual məsələlər müzakirə olunur. Coğrafi adlar üzrə BMT-nin ekspert qrupları regional təşkil olunur. Son nəticə olaraq hər bir ölkə üzrə coğrafi adlara aid məlumatlar BMT-də cəmləşir və həmin coğrafi adlar düzgün və standartlara cavab verən şəkildə istifadə olunur.
Azərbaycan üçün bu sahədə coğrafi adların düzgün istifadəsi aktual məsələdir. Belə ki, Ermənistan tərəfindən Azərbaycana aid coğrafi adlar təhrif olunur, dəyişdirilir və təhrif olunmuş coğrafi adlar onlar tərəfindən tərtib olunmuş xəritə və atlaslarda əks etdirilir.
Məhz bu səbəbdən Azərbaycana aid coğrafi adlar sistemləşdirilərək BMT-nin elektron bülletenində əks olunmalıdır ki, onların istifadəsi bütün ölkələr tərəfindən məcburi olsun. Azərbaycanı bu ekspert qrupunun tərkibində DTXK-nin təcrübəli mütəxəssisləri təmsil edirlər.
İclasda Qazaxıstan, Rusiya, Ukrayna, Özbəkistan və Moldova mütəxəssisləri iştirak edirlər. Toplantıya BMT-nin Coğrafi adlar üzrə Şərqi Avropa, Şimali və Orta Asiya şöbəsinin rəhbəri Vladimir Baqinski sədrlik edir.