Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gün Bakıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əmək müqavilələri bildirişləri üzrə elektron informasiya sisteminin təqdimatı keçirilir.
"APA-Economics"in xəbərinə görə, bu sistemin yaradılması ilə bağlı hüquqi baza artıq ötən il Əmək Məcəlləsinə edilən dəyişikliklər nəticəsində müəyyənləşdirilib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev bildirib ki, bundan sonra bütün işə götürənlər əmək müqaviləsi bağladıqda, dəyişikliklər etdikdə və ya buna xitam verdikdə müvafiq əmək müqaviləsi bildirişini elektron qaydada nazirliyin elektron informasiya sistemində qeydiyyata alacaqlar.
Onun sözlərinə görə, qeydiyyata düşdükdən sonra əmək müqaviləsi bildirişi işə götürənə təqdim edilir. Bununla da, bu münasibətlər hüquqi qüvvəyə minir: “Elektron informasiya sistemi iyulun 1-ə qədər qüvvəyə minəcək. İşəgötürənlər tərəfindən əmək münasibətləri haqda bildirişlər daxil edilməməsi ilə bağlı İnzibati Xətalar, Vergilər və Cinayət Məcəllələrində müvafiq dəyişikliklər edilib”.
“Fiziki şəxslər 1 000 manatdan 3 000 manatadək, sahibkarlıq fəaliyyəti məşğul olan fiziki şəxslərlə münasibətdə 3 000 manatdan 5 000 manatadək, hüquqi şəxslərlə münasibətdə 20 000 manatdan 25 000 manata qədər cərimə nəzərdə tutulub. Cinayət Məcəlləsində edilən dəyişikliyə görə isə xeyli sayda işçi (10 nəfər) haqda əmək müqaviləsi bildirişlərini elektron informasiya sisteminə daxil etməyə işəgötürənlər 3 ilədək azadlıqdan məhrum edilə bilər. Təkrar olaraq buna yol verdiyi halda isə bu müddət 7 ilə qədər uzadıla bilər”, - deyə İ. İsayev qeyd edib.