Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Bakıda Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin təşkilatı rəhbərliyi ilə MDB-nin Geodeziya, Kartoqrafiya, Kadastr və Yerin məsafədən tədqiq edilməsi üzrə Dövlətlərarası Şurasının XXXIV Sessiyası işə başlayıb. «APA-Economics»in xəbər verdiyi kimi, iki gün davam edəcək sessiyaın açılış mərasimində çıxış edən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov Azərbaycanın iqtisadi vəziyyəti, makroiqtisadi göstəriciləri barədə məruzə edərək, ölkədə 1990-cı illərdə aparılan torpaq islahatları, hazırda kartoqrafiya sahəsində görülən işlər haqqında qısa məlumat verib.
Q.Məmmədov həmçinin bəyan edib ki, sözügedən sahələrdə beynəlxalq əməkdaşlıq çox vacibdir, yerli toponimlər üzrə informasiya mübadiləsi və digər işlər, demək olar ki, bütün sahələr üçün əhəmiyyətlidir. Q.Məmmədov xatırladıb ki, noyabrın 20-21-də Bakıda BMT-nin Coğrafi adlar üzrə Şərqi Avropa, Şimali və Orta Asiya şöbəsinin ekspertlər qrupunun X iclası keçirilib. Komitə sədrinin sözlərinə görə, ümumiyyətlə bu şöbənin yaradılması yerli toponimlər, o cümlədən Cənubi Qafqazda ermənilər tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində Azərbaycan toponimlərinin erməniləşdirilməsinin qarşısının alınmasında böyük kömək olacaq.
Sessiyada bir sıra aktual və mühüm məsələ və problemlər müzakirə olunur. Bunların sırasında topoqrafiya, geodeziya, qravimetriya, fotoqrametriya, kartoqrafiya işlərinin yerinə yetirilməsi zamanı vahid texnologiyaların tətbiqi və istifadəsi, razılaşdırılmış yüksəklik və koordinat sistemlərinin istifadəsi, xəritə tərtibatı işlərində vahid şərti işarələrin və digər atributların tətbiqi, dövlət sərhədlərinin delimitasiyası, demarkasiyası və redemarkasiyası zamanı birgə texnologiya və üsulların hazırlanması və tətbiqi, coğrafi adların xəritə və atlaslarda düzgün əks etdirilməsi və qonşu ölkələr tərəfindən müvafiq qaydalar əsasında istifadəsidir. Bundan əlavə, sessiyada hazır kartoqrafiya məlumatlarının mübadiləsi, regional layihələrin hazırlanması və icrası, MDB ölkələri arasında SSRİ dövründən mövcud olan Dövlət Geodeziya, Dövlət Yüksəklik, Dövlət Qravimetriya şəbəkələrinin modernləşdirilməsi, birləşdirilməsi, tarazlaşdırılması və birgə istifadə qaydalarının hazırlanması və digər məsələlər müzakirə olunur.
Sessiyaların qərarlarının icrası üçün müvafiq qaydada işçi qrupları yaradılır və hər bir layihə, tədqiqat və təkliflər həmin işçi qrupları tərəfindən həyata keçirilir.
Qeyd edək ki, toplantıda Azərbaycan, Belarus, Ukrayna, Moldova, Rusiya, Qazaxıstan, Özbəkistan və Tacikistanın geodeziya, kartoqrafiya və kadastr sahəsi üzrə mərkəzi idarəetmə orqanlarının rəhbərləri və mütəxəssisləri iştirak edirlər.