«APA-Economics»in məlumatına görə, ötən ilin hesabatına dair keçirilən mətbuat konfransında çıxış edən Mərkəzin baş direktoru Elnur Abdullayev qeyd edib ki, 2012-ci ildə şəhərdə nəqliyyat tıxaclarının və digər nəqliyyat problemlərinin aradan qaldırılması, şəhər sərnişin daşımaları sahəsində xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə Mərkəz tərəfindən bir sıra təkliflər işlənib hazırlanıb və baxılması üçün aidiyyəti qurumlara təqdim edilib. Bir çox küçələrə «yaşıl dalğa» effekti tətbiq edilib və nəqliyyat sıxlığını aradan qaldırmaq üçün pik və qeyri-pik saatlar nəzərə alınaraq işıqforların vaxt dövrü Mərkəz tərəfindən tənzimlənib.
Tıxac məsələsinə toxunan E.Abdullayev 1 illik fəaliyyət əsasında aparılan araşdırmaların nəticəsi olaraq yollarda yaranan tıxacların əsas səbəblərdən biri kimi məhz qeyri-qanuni parklanmanı qeyd edib: «2013-cü ildə şəhər nəqliyyat sisteminin təkmilləşdirilməsi, əhaliyə göstərilən nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, təhlükəsizliyin və iqtisadi səmərəliyin artırılması, operativ informasiya təminatı və enerji resurslarına qənaət və ekoloji durumun artırılması qarşımızda duran prioritet məsələlərdir».
E.Abdullayev Nəqliyyat Nazirliyi ilə NİİM-in birgə hazırladığı Qanunsuz Parklanmaya Nəzarət Sistemindən də danışıb və qeyd edib ki, bu sistem nəqliyyat vasitələrinin parklanma qaydalarına nəzarəti və qaydaların pozulmasını aşkarladığı halda müvafiq sanksiyalar tətbiq olunacaq.
Xatırladaq ki, NİİM 2011-ci ilin sonundan fəaliyyət göstərir. Mərkəzin əsas məqsədi yollarda nəqliyyatın hərəkətinin tənzimlənməsi və problemlərin aradan qaldırılmasıdır.