Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşkilatçılığı ilə noyabrın əvvəlində Bakıda keçirilən İnternet İdarəçilik Forumu (IGF), XVIII Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi («BakuTel-2012») və Regional Rabitə Birliyi (RRB) Administrasiya Başçıları Şurasının 47-ci iclasının yekunlarına dair tədbir keçirilib.
«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə hər üç tədbirin əhəmiyyətindən danışıb və qeyd edib ki, bu cür tədbirlərin Azərbaycanda təşkil olunması beynəlxalq aləmin ölkəyə marağını və etibarını bir daha təsdiq edir. E.Vəlizadə bildirib ki, IGF çərçivəsində hökumət, biznes və vətəndaş cəmiyyəti nümayəndələri mövcud internet təhlükəsizliyi, şəffaflıq, məxfilik, ifadə azadlığı, internetə çıxış və inkişaf məsələlərini müzakirə edib, inkişafa birbaşa aidiyyəti olan qlobal internet idarəçiliyi üzrə nümunələri nəzərdən keçirib. Tədbirin devizi «Davamlı insan, iqtisadi və sosial inkişaf üçün İnternet İdarəçiliyi» olduğunu vurğulayan nazir müavini həmçinin bildirib ki, foruma 100 ölkədən 1 500-dən artıq nümayəndə qatılıb.
«BakuTel-2012» sərgisinin ildən-ilə uğurlu keçdiyini bildirən E.Vəlizadə qeyd edib ki, artıq bu sərgi regionda öz yerini tutub və hər sərgidə həm iştirakçıların, həm də ziyarətçilərin sayı artır.
Tədbirdə çıxış edən BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Antonius Bruk hər üç tədbirin Azərbaycanda keçirilməsinin əhəmiyyətinə toxunub və bildirib ki, analoji tədbirlərin keçirilməsi ölkənin İKT sektorunun bir qədər də inkişafında öz rolunu oynayacaq.
Tədbirdə çıxış edən Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov sözügedən tədbirlərin Bakıda keçirilməsinin mahiyyətinə toxunub və bildirib ki, ölkədə internet azadlığı tam təmin olunub: «Azərbaycanda bir çox internet televiziya və radioları fəaliyyət göstərir və onların fəaliyyəti üçün heç bir lisenziya tələb olunmur».
Qeyd edək ki, tədbirdə həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndəsi, İKT sahəsində fəaliyyət göstərən sahibkarlar və s. çıxış ediblər.