İstanbul. Mayis Əlizadə- APA. ”Qars-Tbilisi-Bakı dəmiryolunda sınaq sürüşlərinin gecikməsində maddi və siyasi problem yoxdur”.
Bu sözləri Türkiyənin nəqliyyat, kommunikasiya və dənizçilik naziri Binali Yıldırım APA-nın Türkiyə müxbirinin “1 martda İstanbulda Azərbaycan nəqliyyat nazirinin də iştirakı ilə keçirdiyiniz iclasdan sonra 2013-cü ilin axırında Qars-Tbilisi-Bakı dəmiryolunda sınaq sürüşləri olacağını demişdiniz. Ancaq bu gün Azərbaycan nəqliyyat naziri sınaq sürüşlərinin 2014-cü ilin axırında olacağını dedi. Bu gecikmənin səbəbi nədir? Hər hansı maddi və ya siyasi problem varmı?”- sualına cavabında deyib.
Nazir bildirib ki, Qars-Tbilisi-Bakı adi layihə deyil, tarixi İpək yolunun bərpası baxımından çox önəmli layihədir: “Regional layihə kimi görünməsinə baxmayaraq, əslində bunun qlobal mənada çox böyük anlamı var. Layihənin maliyyələşdirlməsiylə bağlı hər hansı problem yoxdur, siyasi baxımdan da heç bir problem yaşanmır. Azərbaycanın, Gürcüstanın, Türkiyənin tam bir iradə birliyi var. Ancaq planlarımız bəzən düşündüyümüz vaxtda həyata keçmir. Çünki işin müxtəlif mərhələləri var. Layihənin çətinliyi bundan ibarətdir. Üç ölkənin ərazisində həyata keçirilən işlərin koordinasiyasında bəzən çətinliklər ortaya çıxır.
Məsələn, Aktaşda Türkiyə tərəfindən Gürcüstana keçən 4 km-lik tunel var, tunelin yarısı Türkiyə, yarısı Gürcüstan torpaqlarında qalır. Burada işlər necə görüləcək? Həmkarlarımız, əməkdaşlarımız bununla bağlı xeyli araşdırma apardılar. Firmalardan və hüquqi proseduralardan irəli gələn gecikmələr oldu. Ümumilikdə isə heç bir problem yoxdur. 2014-cü ildə sınaq vaqonlarını relslərin üstünə qoyacağıq. “İşin beli sındı” deyə bilərik”.