Bakı. Əli Əhmədov – APA-Economics. Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) Bakı şəhər Ərazi İdarəsinin yeni - Yasamal, Suraxanı, Nəsimi və Nizami rayon şöbələri yaradılıb. «APA-Economics»in məlumatına görə, bu barədə «Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»nda nəzərdə tutulan tədbirlərin icrası barədə Əmlak Məsələləri Dövlət Komitəsinin illik hesabatında bildirilir.
Hesabata əsasən, yeni şöbələr üçün ayrılmış binalarda təmir işləri aparılıb, Səbail rayon şöbəsi üçün isə binanın yeri müəyyənləşdirilib. Şöbələr fiber-optik xətlərlə, kompüter, printer və ofis mebeli ilə təchiz edilib.
Müraciət edən vətəndaşlara göstərilən xidmətlərin səviyyəsinin yaxşılaşdırılması məqsədilə DƏDRX-in Bakı Şəhər Ərazi İdarəsində və Sumqayıt Ərazi İdarəsində elektron növbəlilik aparatları quraşdırılıb. Bundan başqa, əhalinin göstərilən xidmətlərin səviyyəsinə münasibətinin öyrənilməsi məqsədilə bütün ərazi idarələrində və onların tabeliyində olan rayon şöbələrində şikayət və təklif qutuları yerləşdirilib. Qutular iş gününün sonunda açılaraq onlara daxil olan müraciət, şikayət və ya təkliflər ərazi idarələrində yaradılmış komissiyalar tərəfindən araşdırılır və müvafiq tədbirlər görülür.
Xidmətinin ərazi idarələrinin göstərdiyi xidmətlər müqabilində dövlət rüsumları və xidmət haqlarının ödənilməsinin avtomatlaşdırılması və ödəniş sistemləri infrastrukturuna texnoloji inteqrasiyası məqsədilə müvafiq şəbəkə əlaqəsinin və proqram təminatının hazırlanması, həmçinin uyğun bir ödəniş sisteminin yaradılması məqsədilə köməklik üçün «Kapital Bank» ASC-yə müraciət olunub. İndi bununla bağlı hazırlıq işləri aparılır.