Bakı - APA-Economics. Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Azərbaycanda səfərdə olan Argentinanın Federal Gəlirlər üzrə Dövlət Administrasiyasının (AFİP) rəhbəri Rikardo Eçeqarayın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
«APA-Economics»in məlumatına görə, görüşdə DGK sədri iki ölkənin gömrük xidmətləri arasında əlaqələrə toxunaraq, ötən ilin fevralında Azərbaycan Dövlət Gömrük Komitəsi nümayəndə heyətinin Argentinaya səfərini xatırladıb, bu səfərin Argentina Gömrük İdarəsinin fəaliyyəti ilə yaxından tanışlıq və əməkdaşlıq imkanlarını nəzərdən keçirmək üçün çox faydalı olduğunu bildirib.
DGK sədri səfər zamanı “Azərbaycan Respublikası hökuməti və Argentina Respublikası hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” imzalanmış sazişin iki ölkənin gömrük xidmətləri arasında əlaqələrin inkişafına stimul verdiyini və beləliklə, tərəflərin inteqrasiyasının sürətləndiyini diqqətə çatdırıb. Buenos-Ayresdə keçirilən "Azərbaycan gömrüyü bəşəri dəyərlər prizmasından" adlı sərgini də məmnunluqla xatırlayan Komitə sədri Azərbaycanın Argentina ilə bütün sferalarda əlaqələrin inkişafına xüsusi önəm verdiyini vurğulayıb.
Ötən müddət ərzində Argentinanın bir sıra rəsmi şəxslərinin, eləcə də biznes subyektlərinin Azərbaycana işgüzar səfərlərindən də söhbət açan DGK sədri Aydın Əliyev bu səfərlərin iki ölkə arasında istər siyasi-iqtisadi, istərsə də digər mühüm əhəmiyyət kəsb edən sahələr üzrə qarşılıqlı əməkdaşlığın inkişafına bir töhfə kimi dəyərləndirib.
Azərbaycana iqtisadi tərəqqinin şahidi olduğunu bildirən Argentina Respublikası Federal Gəlirlər üzrə Dövlət Administrasiyasının rəhbəri Rikardo Eçeqaray Argentina hökumətinin Azərbaycanla əməkdaşlığa çox böyük önəm verdiyini qeyd edib.
R.Eçeqaray iki ölkə arasındakı münasibətlərin hazırkı durumundan, bu sahədə perspektivlərdən söhbət açıb, eləcə də Azərbaycan və Argentina gömrük xidmətləri arasında əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib. Qonaq qeyd edib ki, ölkələr arasında əməkdaşlığın, o cümlədən, iqtisadi-ticari münasibətlərin inkişaf etdirilməsində gömrük xidmətlərinin də xüsusi yeri var və gömrük sistemi bu sahədə körpü rolunu oynayır.
Qarşılıqlı səfərlərin mövcud əlaqələrə yeni impuls verdiyini vurğulayan argentinalı qonaq ölkəsinin Azərbaycan Gömrük Xidməti ilə əməkdaşlıqdan razılığını bildirib və qarşılıqlı əlaqələrin bundan sonra da davam etdiriləcəyinə əmin olduğunu bildirib. Görüşdə eyni zamanda qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.