Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov Dünya Bankının (DB) Azərbaycan üzrə ölkə meneceri xanım Larisa Leşçenko ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan iqtisadiyyatının prioritet sahələrindən olan nəqliyyat-yol kompleksində aparılan islahatlar barədə məlumat verən Z. Məmmədov DB ilə birgə həyata keçirilən layihələr barədə də danışıb.
Görüş zamanı Böyük İpək Yolu çərçivəsində cənub istiqamətində, xüsusilə Bakı-Şamaxı istiqamətində aparılan işlər də müzakirə mövzusu olub. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə “Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi” layihəsinin mövcud icra vəziyyəti haqqında geniş müzakirələr aparılıb. Hər iki tərəf gələcəkdə qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da davam edəcəyini bildirib.