Bank Of Baku

Əli Abbasov: «Planımız Azərbaycandakı xarici teleradio kanallarının paylanma sistemini regional mərkəzə çevirməkdir»

Əli Abbasov: «Planımız Azərbaycandakı xarici teleradio kanallarının paylanma sistemini regional mərkəzə çevirməkdir»
# 16 yanvar 2013 07:10 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycanda 2004–2012-cü illərdə İKT sektoru hər üç ildə təxminən iki dəfə genişlənib. Ötən il isə sektorun artım tempi təxminən 18% olub ki, bu da ümumdünya orta artım tempindən təxminən 2,5 dəfə yüksəkdir. «APA-Economics»in məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında bildirib.

 

Nazir qeyd edib ki, MDB ölkələri arasında ilk dəfə 2008-ci ildə Azərbaycanda bütün yaşayış məntəqələri telefonlaşdırılıb, 2010-cu ildə isə tam elektronlaşdırılıb, yəni rəqəmləşdirilib. Ötən il şəbəkəyə təxminən 20 min nömrə əlavə olunaraq, «yeni nəsil şəbəkəsi» texnologiyaları tətbiq olunub, sektora 400 mln. ABŞ dollarından çox investisiya qoyulub.

 

Ə.Abbasov əlavə edib ki, 2012-ci ildə Azərbaycan dördüncü nəsil (4G) mobil rabitə texnologiyasını tətbiq edən Avropanın 9-cu, dünyanın isə 37-ci ölkəsi olub: «İndi bizdə hər 100 nəfərə təxminən 110 telefon düşür». Mobil telefon sistemi də 2010-cu ildə MDB ölkələri arasında ilk dəfə olaraq ölkə ərazisini 100% əhatə edib. İndi mobil abunəçilərin əksəriyyəti, həm də sürətli internet istifadəçiləridir.

 

Cənubi Qafqaz, Orta və Mərkəzi Asiya ölkələri arasında rəqəmli televiziya yayımının ilk dəfə Azərbaycanda tətbiq olunmasına başlanılıb və ölkə əhalisinin 90%-i rəqəmsal TV-yə çıxışla təmin edilib.

 

Azərbaycanda bu gün 25 televiziya kanalı var, onlardan 11-i ümumrespublika, 14-ü isə regional kanaldır, 15 radio proqramı mövcuddur. Eyni zamanda, 12 kabel televiziyası və 20-dən çox İnternet televiziya studiyaları fəaliyyət göstərir. «Milli Teleradio Şurasının razılığı ilə ölkəmizdə mərkəzləşdirilmiş və lisenziyalaşdırılmış 100-dən çox xarici radio-televiziya kanallarının qəbulu, saxlanma və paylanma sistemi yaradılıb ki, planımız bu sistemi regional mərkəzə çevirməkdir», - deyə nazir bildirib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR