Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, iki ölkə arasında mövcud əlaqələrdən söz açan Ə.Abbasov ikitərəfli əməkdaşlığın daha da dərinləşməsinə olan qarşılıqlı marağın Azərbaycan-Yaponiya münasibətlərinin genişlənməsi üçün əlverişli zəmin yaratdığını bildirib.
Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə 2013-cü ilin ölkədə İKT ili elan edilməsinə diqqət çəkən səfir qeyd edib ki, bu addım iki ölkə münasibətlərində İKT sahəsinin daha da inkişaf etdirilməsi, genişləndirilməsi üçün yeni imkanlar açır.
Azərbaycanda informasiya texnologiyalarının sürətli inkişafı fonunda Yaponiya tərəfinin çoxdan ölkədə Yaponiya-Azərbaycan İKT Forumunun təşkilinə xüsusi maraq göstərdiyini qeyd edən Ş.Vatanabe bu il Azərbaycanın ilk peykinin fəzaya buraxılmasını nəzərə alaraq, forumda məhz bu prioritet sahə üzrə peyk məsələlərinə daha geniş yer ayrılmasını təklif edib. Onun sözlərinə görə, foruma Yaponiyanın dövlət və qeyri-dövlət sektorunun təmsilçiləri, o cümlədən 40-a yaxın özəl şirkətin qatılacağı gözlənilir.
Ə.Abbasov öz növbəsində texnologiyalar sahəsində aparıcı ölkələrdən sayılan Yaponiya təcrübəsinin Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etdiyini, bu tipli forumların təşkilinin Yaponiya-Azərbaycan münasibətlərinin daha da yaxınlaşmasında, xüsusən yapon texnologiyalarının Azərbaycanda istehsalı və istehlakında önəm daşıyacağını, gələcəkdə bərabər səylər nəticəsində birgə istehsal və xidmətlərin həyata keçirilə biləcəyinə ümidvar olduğunu vurğulayıb.
Görüşdə həmçinin birinci Yaponiya-Azərbaycan İKT Forumunun cari ilin fevralın 27-28-də keçirilməsi qərara alınıb və artıq hazırlıq işlərinə başlanılıb.