Dekabrın 2-də başlayacaq tədbir dekabrın 5-dək davam edəcək. Tədbirin əsas təşkilatçısı qisimində «Iteca Caspian» şirkəti çıxış edir. «APA-Economics»in məlumatına görə, bu barədə bu gün sərginin açılışına həsr olunmuş mətbuat konfransında bildirib.
Konfransda çıxış edən rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə qeyd edib ki, bu tədbirin əsas məqsədi Azərbaycanın yerli şirkətlərinin əldə etdiyi uğurları nümayiş etdirməkdir: «Sərginin yenilikləri sırasına milli pavilyonlar, «start-up»ların təmsil olunması daxildir. Həmçinin, innovativ inkişafı təmin etmək üçün yeni texnologiyalar parkının təmsil olunması da nəzərdə tutulub. Tədbir çərçivəsində kibertəhülkəsizlik üzrə beynəlxalq konfrans da keçiriləcək. Beynəlxalq Telekommunikasiya İttifaqının dəstəyi ilə keçiriləcək bu konfrans zamanı ölkələr arasında bu sahədə əməkdaşlıq, problemlər və perspektivlər mövzusunda müzakirələr aparılacaq. Tədbirə müxtəlif ölkələrin rabitə və informasiya texnologiyaları nazirləri qatılacaq».
Nazir müavini əlavə edib ki, «Bakutel-2013» çərçivəsində keçiriləcək digər tədbir MDB və region dövlətlərinin Regional Rabitə Birliyinin (RRB) Rabitə Administrasiyaları Başçılarının toplantısı olacaq ki, burada teleradioyayımın 694-790 MHz tezliklərinin gələcəkdə istifadə perspektivləri mövzusu müzakirə ounlacaq.
Bundan başqa, Azərbaycanda ilk dəfə regional internetin idarəçilik forumu da keçiriləcək və bu tədbirə xaricdən qonaqların da qatılacağı gözlənilir.
Həmçinin, «Bakutel-2013» çərçivəsində biznes əlaqələrə dair ikitərəfli forum və dəyirmi masaların təşkili nəzərdə tutulub. Bunların sırasında Azərbaycan-ABŞ İKT forumu, Azərbaycan və İtaliya arasında «b2b» tədbiri, eləcə də Cənubi Koreyanın İnformasiya və Təhlükəsizlik Agentliyi ilə növbəti dəyirmi masa keçiriləcək. Koreya mütəxəssisləri öz təcrübələrini azərbaycanlı həmkarları ilə bölüşəcəklər.
Qeyd edək ki, «Baku Expo Center»də keçiriləcək «Bakutel-2013»ün sərgi meydançası 35% genişlənib və bura 28 ölkədən 300 şirkəti cəlb edib. Bu il 15 ölkə milli pavilyonu ilə sərgidə İKT sahəsində Azərbaycan və bütün Xəzər regionu üçün innovativ proqramların, məhsul və xidmətlərin təqdimatını keçirəcək. İlk dəfə olaraq «Bakutel»də Əfqanıstan, İtaliya və ABŞ-ın milli qrupları iştirak edəcək.