Bakı. Nicat Mustafayev - APA-Economics. Dekabrın 24-də Bakıda Avropanın ən böyük qapalı ailəvi əyləncə mərkəzi istifadəyə veriləcək. «APA-Economics»in məlumatına görə, layihənin icraçısı «Yeni Həyat» şirkətidir. «Megafun» adlanan bu ailəvi əyləncə mərkəzi Bakının mərkəzində - Nobel prospekti,15 ünvanında yerləşən «Azure» əyləncə və alış-veriş mərkəzinin bir hissəsidir. «Azure» unikal memarlıq üslubuna və rahat interyerə malik olan müasir və gözəl bir məkandır. Burada «Megafun»la birlikdə ən incə zövqləri oxşaya biləcək mağazalar və dünya mətbəxinin nəfis yeməklərini təqdim edən restoranlar fəaliyyət göstərir. Mərkəzin 1-ci mərtəbəsində musiqili və işıqlı fontan işləyir ki, bu fontanın nəinki Azərbaycanda, hətta bir çox ölkələrdə belə bənzəri yoxdur.
«Megafun» əyləncə mərkəzinə gəldikdə, mərkəz 18 min kv. metr ərazini əhatə edir. Burada kiçikdən böyüyə qədər, bütün ailə üzvləri üçün nəzərdə tutulan 200-dən artıq oyun aparatı, atraksion, simulyator, təbii buz meydançası, qorxu tuneli, boulinq və bir çox digər əyləncə vasitələri yer alıb. Mərkəzin böyük ərazisi müxtəlif oyunlardan ibarət coğrafi zonalara bölünüb. Burada 7 min kv. metr sahəni əhatə edən «Tokio» zonasında (bu göstərici olduqca böyük sayılan «Dubai Mall»dan belə böyükdür) «SEGA» oyun aparatları və simulyatorlarının ən böyük çeşidi və ən son modelləri cəmləşib. Aparatlar və atraksionlar yaşından asılı olmayaraq bütün ziyarətçilər üçün nəzərdə tutulub. Aktiv istirahətə üstünlük verənlər «London» zonasında (1 590 kv. metr) yerləşən 16 zolaqlı boulinqdən və «Moskva» zonasında (1 031 kv. metr) yerləşən təbii buz meydançasından yararlana bilər. «Berlin» zonasında yerləşən NASCAR simulyatorları, habelə toqquşan maşınlar və «Venesiya» zonasında yerləşən toqquşan qayıqlar da fəaliyyət göstərir. Ən cəsarətli ziyarətçilər isə «Kosmosa səyahət» və «Qorxu tuneli»ndən yararlana bilər. Kiçik yaşlı ziyarətçilər üçün isə «Paris» zonasında (576 kv. metr) atraksion, karusel, hətta «Cəngəllik» (542 kv. metr) inşa edilib.
Uşaqların təhlükəsizliyini təmin etmək üçün bu ərazinin döşəməsi xüsusi rezin örtüklə döşənib. Bundan başqa, «Megafun»da 8 yerlik 3D və 4D, həmçinin 8 və 24 yerlik 5D və 24 yerlik 6D kinozalları mövcuddur. Yaxın zamanlarda isə «Megafun»da 6 067 kv. metri əhatə edəcək 350 yerlik 5 və 125 yerlik 2 zalı ən son standartlara cavab verən kinoteatr fəaliyyətə başlayacaq.
Qeyd edək ki, dekabrın 20-də «Megafun» qapılarını uşaq evlərindən olan kiçik ziyarətçilər üçün açıb. Bir neçə saat ərzində uşaqlar nağıllar aləminə qərq olaraq ən müasir oyun aparatları və atraksionlarını sınaqdan keçiriblər. Eyni zamanda, «Eurovision-2011» mahnı müsabiqəsinin qalibi olan Nigar Camal və London Olimpiadasının qalibləri və mükafatçıları «Megafun»da kiçik ziyarətçilərin görüşünə gəliblər.
Xatırladaq ki, N.Camal «Megafun»ın da yer aldığı «Azure» biznes və alış-veriş mərkəzinin simasıdır.