Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində nazir Əli Abbasov Sudanın elm və rabitə naziri, Milli Konqres Partiyasının Asiya məsələləri üzrə katibi Eisa Buşa Məhəmməd Həmidlə görüşüb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, görüşdə Azərbaycanın İKT sahəsində görülən işlər, o cümlədən ölkədə informasiya texnologiyaları sahəsində aparılan islahatlar, həyata keçirilən yerli və regional layihələr, gələcək perspektivlər barədə məlumat verən Ə.Abbasov ölkədə bu sahənin inkişaf templərinin ildən-ilə yüksəldiyini vurğulayıb.
Sudanlı nazir də öz növbəsində ölkəsində bu sahə üzrə görülən işlər, aparılan elmi araşdırmalar, İKT-nin müxtəlif sahələrdə tətbiqi vəziyyəti, həmçinin gələcək plan və layihələrdən danışıb. O həmçinin Azərbaycanın Sudanda İKT sahəsinin inkişafına kömək etməsi, bu sahədə aparılan özəlləşdirmə prosesinə azərbaycanlı şirkətlərin cəlb edilməsi, böyük layihələrdə, xüsusilə də «Elektron hökumət» sahəsində Azərbaycan təcrübəsinin öyrənilməsinin vacib olduğunu qeyd edib. Bu məqsədlə sudanlı həmkarı nazir Əli Abbasovu və Azərbaycanda fəaliyyət göstərən İKT şirkətlərinin rəhbərlərini növbəti ilin birinci yarısında Sudana rəsmən dəvət edib.
Öz növbəsində Ə.Abbasov da azərbaycanlı şirkətlər, sərmayədarlar tərəfindən Sudanda informasiya-kommunikasiya texnologiyaları, eləcə də elmi araşdırmalar sahəsinə investisiyaların yatırılmasının əhəmiyyətli olacağını bildirib.
Görüşdə gələn ilin birinci yarısında Sudanda I Sudan-Azərbaycan İKT forumunun keçirilməsi, ölkələrin İKT bazarında imkanlarının araşdırılması, bu sahədə fəaliyyət göstərən şirkətlərin, eləcə də elmi araşdırmalarla məşğul olan mütəxəssislərin bir araya gələrək, müştərək fikir və təcrübələrinin bölüşdürülməsi qərara alınıb.