Bakı - APA-Economics. Aprelin 11-13-də Bakıda keçirilmiş Xəzər Beynəlxalq Su Texnologiyaları sərgisi və konfransında iştirak etmək üçün Azərbaycanda səfərdə olan xarici dövlətlərin rəsmi nümayəndələri, beynəlxalq təşkilatların və xarici şirkətlərin təmsilçiləri «Azərsu» ASC-də işgüzar görüşlər keçiriblər.
ASC-dən «APA-Economics»ə verilən məlumata görə, «Azərsu» ASC-nin sədri Qorxmaz Hüseynovn Koreya Su Forumunun vitse-prezidenti Kyung Taek Yumla görüşündə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.
Q.Hüseynov Azərbaycanda həyata keçirilən su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri barədə məlumat verib, layihələrin icrasında dünyada tətbiq olunan qabaqcıl texnologiyalardan istifadə edildiyini bildirib. Koreya Su Forumunun vitse-prezidenti Kyung Taek Yum dünyada sudan səmərəli istifadənin prioritet hesab edildiyi bir vaxtda su texnologiyaları üzrə sərgi və konfransın keçirilməsini yüksək qiymətləndirib və belə aktual məsələyə göstərilən diqqətə görə minnətdarlığını bildirib.
«Azərsu» ASC sədrinin Gürcüstanın Birləşmiş Su təchizatı şirkətinin baş direktoru Arçil Tsabutaşvilinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə isə Gürcüstan tərəfi Azərbaycanda həyata keçirilən layihələrlə maraqlandıqlarını, gələcəkdə Azərbaycanın təcrübəsindən istifadə edəcəklərini bildiriblər.